Ukraynada müharibəyə qatılan döyüşçü ailə: "Ölkəmizi azad görmək istəyirik"

Ukraynada müharibəyə qatılan döyüşçü ailə: "Ölkəmizi azad görmək istəyirik" Artıq Rusiyanın Ukraynaya hücumundan bir ay keçib.
Region
25 Mart , 2022 11:52
Ukraynada müharibəyə qatılan döyüşçü ailə: Ölkəmizi azad görmək istəyirik

Artıq Rusiyanın Ukraynaya hücumundan bir ay keçib. Ukraynada davam edən müharibə fonunda ölkənin müdafiəsinə hərbçilərlə yanaşı, mülki insanlar da qatılıblar. Doğma torpaqlarının müdafiəsi uğrunda döyüşənlərdən biri də Vasilçenko ailəsidir.

“Report”un Şərqi Avropa bürosunun əməkdaşı Kiyevin müdafiəsinə qatılan Vasilçenko ailəsi ilə həmsöhbət olub.

Söhbət zamanı məlum olub ki, şəhər sakini Aleksandr Vasilçenko və xanımı Darina Vasilçenko müharibəyə qədər mülki həyatda öz peşə fəaliyyətləri ilə məşğul olublar.

Əslən kiyevli olan cütlük müharibə başlayan gündən silaha sarılıblar. Ər-arvad birgə doğma şəhərlərinin müdafiəsinə qatılıblar və aktiv döyüşlərdə iştirak edirlər.

Darinanın döyüş yoluna nəzər saldıqda məlum olub ki, o, düşmənin canlı qüvvəsini də məhv edib.

Aleksandr bildirib ki, 2014-cü ildə də silah götürüb müharibəyə qoşulub: “O vaxt mobilizasiya olmuşdu, 1 il orduya cəlb olundum, sonradan Kiyevə qayıtdım. İndi artıq müharibə mənim şəhərimə də gəlib deyə yenə silaha sarıldım. Artıq Luqansk vilayətini deyil, öz şəhərimi qoruyuram. Mən ölkəmi azad görmək istəyirəm. Bu dəfə şəhərimizi artıq həyat yoldaşımla birgə müdafiə edirik".

Üç ildir evli olduğunu bildirən Aleksandr deyib ki, onların bir övladı var və müharibəyə qatılmaqla övladını qoruyurlar.

Darina isə vurğulayıb ki, müharibə başlayanda sakit otura bilməzdi: “Mən də ərimlə birgə öz ölkəmin müdafiəsinə qatılmışam. Çünki özümdə bu gücü hiss edirəm. Əhvalımız çox pozitivdir, biz qələbəyə inanırıq. Hesab edirəm ki, bizə biraz da vaxt lazımdır rusları ölkəmizdən qovaq. Çünki bunun üçün hər şeyimiz var, əsas da ruh yüksəkliyi. Hesab edirəm ki, bizdə hər şey alınacaq, əsas hövsələ lazımdır”.

Son xəbərlər

Orphus sistemi