Ukraynada 15 yaşlı Liza Çernışenko yaralı halda avtomobilin sükanı arxasına keçərək digər yaralıları Rusiya qüvvələrindən xilas edib. O, avtomobillə Luqansk vilayətinin Popasna rayonundan Donetsk vilayətinin Baxmut rayonuna gedərək 30 km məsafə qət edib.
“Report” xəbər verir ki, bu barədə yeniyetmə “Ukraina 24”ə danışıb.
Əvvəlcə sərnişin olduğunu söyləyən Liza yolda avtomobilin atəşə tutulduğunu və sərnişinlərin hamısının yaralandığını bildirib: “Maşında üç kişi və bir qadın olub. Kişilər qəlpə yarası alıblar. Onlardan birinin vəziyyəti ağır olub. Beləliklə, sükan arxasına oturmalı və Baxmuta getməli oldum. Yolda şahmatvari şəkildə minalar düzülmüşdü. Keçmək qeyri-mümkün olsa da, birtəhər keçə bildim”.
Onun sözlərinə görə, yolda avtomobil yenidən atəşə tutulub və ayağından xəsarət alıb: “Demək olar, heç nə edə bilmirdim. Maşın söndü. Mən onu güclə işə saldım. Lakin maşın yenə də söndü, çünki akkumlyatoru gülləyə tuş gəlmişdi. Çox çətin alınırdı, çox ağrıyırdı. Amma mən onları atəş altında qoyub getməzdim”
Yeniyetmənin şücaəti nəticəsində maşında olan hər kəs sağ qalıb. Liza və sərnişinlər xəstəxanaya yerləşdiriliblər.