Ukrayna və Moldova rəsmiləri Dnestryanıdakı vəziyyəti müzakirə ediblər

Ukrayna və Moldova rəsmiləri Dnestryanıdakı vəziyyəti müzakirə ediblər Ukrayna və Moldova arasında mayın 18-də video-konfrans formatında Dnestryanı problemin tənzimlənməsinin vəziyyəti və perspektivinə dair müzakirə olub.
Region
18 May , 2022 16:52
Ukrayna və Moldova rəsmiləri Dnestryanıdakı vəziyyəti müzakirə ediblər

Mayın 18-də Ukraynanın Dnestryanı məsələsi üzrə xüsusi nümayəndəsi Yuri Klimenko Moldovanın reinteqrasiya üzrə Baş nazirinin müavini Oleq Serebrianla videokonfrans formatında görüş keçirib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Tərəflər Dnestryanı məsələsinin həllindəki vəziyyəti və perspektivlərini, xüsusən də Rusiyanın Ukraynaya qarşı davam edən genişmiqyaslı müharibə və regionda sabitliyin təmin edilməsinin zərurətini müzakirə ediblər”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, 1990-cı ilin iyununda Moldova parlamenti Moldova SSR-nin yaradılmasını qanunsuz hesab etdikdən və beləliklə, Moldova 1940-cı ildə Bessarabiyanın bir hissəsi və Moldova Muxtar SSR-nin (1924-cü ildən 1940-cı ilədək Ukrayna SSR-nin ərazisi) regionlarını birləşdirərək yaradılmış MSSR-dən çıxdıqdan sonra Dnestryanı Moldova SSR 1990-cı il sentyabrın 2-də Moldovadan müstəqilliyini elan edib. 1992-ci ildə silahlı münaqişədən sonra Dnestryanı Moldovadan tamamilə ayrılıb. Moldova Dnestryanının müstəqilliyini tanımır və bu ərazinin statusu məsələsi həll olunmamış qalır. O vaxtdan bəri münaqişənin həlli üçün danışıqlar gedir. Dnestryanı ətrafındakı vəziyyət çox vaxt “dondurulmuş münaqişə” kimi xarakterizə olunur.

2016-cı il sentyabrın 7-də qondarma respublikanın prezidenti “17 sentyabr 2006-cı ildə keçirilmiş respublika referendumunun nəticələrinin həyata keçirilməsi haqqında” 348 nömrəli fərman imzalayıb. Orada yazılıb ki, “respublika” gələcəkdə Rusiyaya daxil olmaq üçün Rusiya qanunvericiliyinə uyğun qanunvericilik bazasının yaradılması prosesinin icrasına başlayıb. Belə ki, 2017-ci ildən Dnestryanı ikinci dövlət bayrağı kimi Rusiya bayrağından istifadə edir. Həmin regionda 465 min nəfər yaşayır, onlardan 200 mindən çoxu Rusiya vətəndaşıdır.

Moldovanın Rusiya ilə sərhədi mövcud deyil, ölkə Ukrayna və Avropa İttifaqı üzvü Rumıniya ilə həmsərhəddir.

Xatırladaq ki, Azərbaycan da daxil olmaqla BMT üzvü ölkələrin heç biri Moldovadakı separatçı rejimi tanımır.

Son xəbərlər

Orphus sistemi