Prezident Volodimir Zelenski Ukraynanın beynəlxalq tərəfdaşlarına ölkənin hərbi əməliyyatların davam etdiyi bütün regionlarındakı vəziyyət barədə məlumat verib.
“Report” xəbər verir ki, bu barədə o, xalqa və beynəlxalq ictimaiyyətə növbəti müraciətində bildirib.
"Bu gün (dünən-red) mən Avropa Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi ilə, Böyük Britaniyanın Baş naziri Boris Consonla danışdım. Dəstəyinizə görə təşəkkür edirəm, Boris.
Tərəfdaşlar bu barədə tam məlumatlıdırlar - Bizim Mariupolda baş verənlər və Ukraynanın hərbi əməliyyatların davam etdiyi bütün bölgələrində vəziyyət haqqında”, - dövlət başçısı bildirib.
Onun sözlərinə görə, Rusiyanın öz hərəkətlərinin fəsadlarını hiss etməsi üçün iş gedir.
"Biz nəhayət səmamızın təhlükəsizliyini təmin etmək üçün hər şeyi edirik. Bu mövqeyi dəstəkləyən ukraynalıların mütləq əksəriyyətinə minnətdaram: - imza toplayan, Qərbdəki tanışlarını inandıran, sosial şəbəkələrdə yazan, mitinqlər təşkil edən. Biz birlikdə bəzi Qərb liderlərinin cəsarətini geri qaytarmalıyıq ki, onlar nəhayət, işğalın ilk günündə etməli olduqlarını etsinlər. Yaxud Ukrayna səması rus raketlərinə və bombalarına bağlanmalıdır. Ya da bizə döyüş təyyarələri verin ki, hər şeyi özümüz edə bilək. Fasilə sadəcə ölümcül oldu”, - Zelenski vurğulayıb.