“Bütün torpaqlarımızı azad etməyincə dayanmayacağıq”.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin 24 avqust - Ukraynanın Müstəqillik Günü ilə bağlı feysbuk paylaşımında qeyd olunub.
Bildirilib ki, Rusiya bütün cinayətlərinə görə məsuliyyət daşımalıdır: “Müstəqillik bizim varlığımızdır. Konstitusiyamız, sərhədlərimiz və torpağımızda azad yaşamaq imkanı uğrunda mübarizə aparırıq. Biz həqiqəti və ləyaqəti seçən insanlarıq”.
Qeyd edilib ki, Ukrayna xalqının birliyi gələcək qələbənin təməlidir: “Ukrayna uğrunda canından keçən hər damla qanı, hər döyüşü, hər bir qəhrəmanı ehtiramla yad edirik. Məqsədimizə birlikdə nail olacağıq”.
Qeyd edək ki, bu gün Ukraynanın Müstəqillik Günüdür. 1991-ci il dekabrın 8-də Belarus, Rusiya və Ukrayna SSRİ-nin müstəqil dövlətlərə parçalanması barədə qərar veriblər.
Beləliklə, Ukrayna müstəqil dövlət olub. O vaxtdan bəri hər il avqustun 24-ü Ukraynanın Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.