“İraq türkmənləri böyük türk dünyasının ayrılmaz bir hissəsidir. Türkmən Şəhidləri Günündə Təlafərdən Mendeliyə qədər uzanan bir coğrafiyada müxtəlif zamanlarda və yerlərdə həyatını itirən şəhidlərimizi rəhmətlə yad edirəm”.
“Report”un Türkiyə bürosunun məlumatına görə, bu fikirləri Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev bu gün Ankarada keçirilən 16 Yanvar - Türkmən Şəhidlərini Anma tədbirində səsləndirib.
Türk dünyasının tarixində şanlı səhifələr olduğu kimi, faciəli günlərin də olduğunu vurğulayan Baş katib deyib ki, bu gün türk dünyasının bütövləşməsi üçün canlarını fəda edənlər hər zaman ehtirama layiqdir: “Tarixin hər dönəmində ulularımız Vətəni, dövləti, millətin azadlığı üçün mübarizədə özlərini qurban verdilər. Bu gün türk dünyası olaraq bir bütövüksə, bunu onlara borcluyuq”.
Qeyd edək ki, 1980-ci il yanvarın 16-da Səddam Hüseyn rejimi yerli türkmənlərin o dönəm yeganə təşkilatı olan Türkmən Qardaşlıq Ocağının rəhbəri polkovnik Abdulla Abdurrahmanı və milli mübarizə dostları Dos. Dr. Necdet Koçak, Dr. Rıza Demirci, iş adamı Adil Şerifi türkmən milli hərəkatına öndərlik etdikləri üçün ölkənin paytaxtı Bağdadda edam edib.