Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov “Qarani Kərim”in tam şəkildə nazil edildiyi Qədr gecəsi şərəfinə 514 məhkumu əfv edib.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə şənbə günü “Neytral Türkmənistan” qəzeti məlumat yayıb.
Dövlət başçısı hökumətin cümə günü videobağlantı vasitəsilə keçirilən iclasında müvafiq fərmanı imzalayıb.
Vilayət, etrap (rayon) və şəhərlərin rəhbərlərinə əfv olunanların işlə təmin olunması üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.
S.Berdiməhəmmədov bildirib ki, mütəmadi olaraq əfvedilmə aktları həyata keçirməklə törətdiyi cinayətdən səmimi şəkildə peşman olan insanların vicdanlı əməklə təqsirlərini yumasına və ölkənin inkişafında fəal iştirak etmələrinə şərait yaradırlar.
Qeyd edək ki, Qədr gecəsinin konkret hansı gecə olması mübahisəlidir. Amma İslam peyğəmbəri və imamlardan gələn rəvayətlərə görə, Qədr gecəsi Ramazan ayının 19, 21 və 23-cü gecələrindən biridir. Bu gecələr dilimizə “Əhya gecələri” kimi daxil olub. Şiə mənbələrində Qədr gecəsinin ən çox ehtimal verildiyi gecə Ramazan ayının 23-cü gecəsidir. Əhli-sünnə mənbələrində isə Qədr gecəsinin sonuncu 10 gecənin içərisində, xüsusən də 27-ci gecənin olduğu güman edilir.