Gürcüstan erməniləri Tbilisidə Türkiyə səfirliyinin binası yaxınlığında uydurma “erməni soyqırımı”nın 106-cı ildönümünə həsr olunan aksiya keçirirlər.
“Report”un yerli bürosu xəbər verir ki, aksiya Filarmoniya binasının qarşısından yürüşlə başlayıb.
Əllərində Ermənistan və Gürcüstan bayraqları və plakatlar olan aksiya iştirakçıları Türkiyə əleyhinə şüarlar səsləndirirlər. Polis səfirliyin ətrafında dəmir maneələr düzüb və təhlükəsizlik tədbirlərini gücləndirib.
Türkiyə səfirliyi aksiya iştirakçılarını cavab aksiyası ilə qarşılayıb. Belə ki, diplomatik nümayəndəliyin həyətində səs gücləndiriciləri ilə türk marşları və nəğmələri yüksəkdən səsləndirilir. Bununla Türkiyənin ermənilərin yalan və əsassız iddialarını qəbul etmədiyi göstərilir.
Səfirliyin binası önündə isə Ağrı dağının fotoşəkilləri sərgilənib. Türkiyənin ən hündür dağının fotoları ötən gündən ölkənin Milli Suverenlik və Uşaq Bayramına həsr olunan tədbir çərçivəsində nümayiş etdirilir.
Cavab aksiyasına Gürcüstanın bir qrup azərbaycanlı gənci də əllərində Azərbaycan və Türkiyə bayraqları ilə dəstək olublar.