Türkiyəli professor: "Vaksinasiya davam edən ölkələrdə ölüm faizi get-gedə aşağı düşür" - VİDEOMÜSAHİBƏ
- 03 aprel, 2021
- 11:49
Türkiyədə COVID-19 infeksiyasına gündəlik yoluxma və ölüm hallarında sürətli artım müşahidə olunur. Mütəxəssislər bunu mutasiyaya uğrayan koronavirusun yoluxdurma gücünün daha da yüksək olması ilə izah edirlər və bunun qarşısının alınmasını vətəndaşların ehtiyac olmadığı halda, evdən çıxmamaları ilə yanaşı, peyvəndləndirmə prosesinin sürətinin artırılmasında görürlər. Türkiyədə infeksiya ilə mübarizə tədbirləri çərçivəsində Çindən alınan "Sinovac" vaksini ilə peyvəndlənmə qrafik üzrə davam edir. İlkin hesablamalara görə, ölkə əhalisinin 40 milyon nəfəri iki doza vaksin qəbul etdikdən sonra, yoluxmada kəskin azalma müşahidə olunacaq. Hələlik isə bir doza vaksin olunanların sayı 8 milyonu, iki doza qəbul edənlərin sayı isə 5 milyonu ötüb. Türkiyədə virusa yoluxma bölgələr üzrə fərqli dinamikada müşahidə olunur. Qəbul olunan yeni qərara əsasən, koronavirusa yoluxma sayı kəskin artan İstanbulda qadağalar sərtləşdirilib. Yeni qərara əsasən, şəhərin ictimai-iaşə və dövlət qurumlarına girişlər, vətəndaşların gündəlik fəaliyyətinə nəzarət sistemi olan HES (Həyat Evə Sığar) sistemi ilə mümkün olacaq.
Türkiyənin məşhur infeksioloqu və kliniki mikrobiologiya mütəxəssisi Prof.Dr.Sibel Gündeş “Report”un Türkiyə bürosuna müsahibəsində bildirib ki, bu gün bütün dünyada təxminən 137 ölkədə ümumi 400 milyondan artıq vaksin vurulub:
"Bunlar beynəlxalq dərəcədə təsdiq edilmiş 5 növ vaksindən ibarətdir. Təbii ki, vaksinlər üzərində çalışmalar davam edir, qısa müddət ərzində 10-dan artıq yeni növ vaksinin də dünya bazarına çıxacağı gözlənilir".
S.Gündeş deyib ki, vaksin olunan şəxslərdə COVID-19 daha yüngül formada və bir çox hallarda simptomsuz (asimptomatik) keçir:
"Peyvəndlənən şəxslərin ölüm kimi ağır nəticələrlə qarşılaşma riski olduqca aşağı olacaq. Dolayısıyla, COVID-19-un ölümcül təsir göstərdiyi yaşlıların və şəkərli diabet, ürək, böyrək çatışmazlığı, astma kimi xroniki xəstəliyi olanların ilkin mərhələdə və sürətlə peyvənd olunmaları lazımdır. Daha sonra önümüzdəki aylarda isə orta yaşlı qrupun vaksin olunması olduqca mühümdür. Bütün ölkələrdə əhali sayına uyğun nisbətlə bərabər səviyyədə peyvəndlənmə olunmadığı müddətcə əvvəlki kimi normal həyata qayıtmaq çətin olacaq. Bunun üçün isə vaksin olunmağa vətəndaş təşəbbüsü olduqca vacibdir. Vaksinasiya davam edən ölkələrdə ölüm faizlərinin get-gedə aşağı düşdüyünü görməkdəyik".
Natiq Çıraqzadə