"Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində yeni əməkdaşlıqlar gözlənilir".
Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin Sənaye və Texnologiyalar naziri Mehmet Fatih Kacır bildirib.
Nazir deyib ki, Türkiyə Azərbaycanla sənaye, texnologiya və enerji məsələlərində əməkdaşlığın daha da güclənəcəyinə əhəmiyyət verir: "Azərbaycanla Türkiyə bir çox sahələrdə uğurlu əməkdaşlığa imza atıb, xüsusilə müdafiə sənayesi və texnologiyalar sahəsində iki ölkə arasında yeni əməkdaşlıqlar gözlənilir. Hazırda Azərbaycanla münasibətlərimiz strateji səviyyədə davam edir. Önümüzdəki dönəmdə enerji, həm də sənaye sahəsində münasibətlərimizin daha da güclənəcəyinə önəm veririk. Müdafiə sənayesi sahəsində də yeni işbirliyi addımlarına imza atacağıq”.
Mehmet Fatih Kacır Türkiyə ilə Azərbaycan arasındakı nümunəvi müttəfiqliyin digər türk dövlətləri arasında da tətbiq olunacağının mümkünlüyünü vurğulayıb.