Türkiyəli nazir: “AK Partinin ölkənin hər bir vilayətində, şəhərində əsərləri var”
- 11 aprel, 2023
- 13:41
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bizim hər bir vilayətdə, şəhərdə əsərlərimiz var”.
“Report” “A Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) deputatlığa namizəd Murat Kurum deyib.
O bildirib ki, bu il ilk dəfə olaraq deputatlığa namizədliyini də irəli sürüb: “Ankaralı olsam da, namizədliyimi İstanbuldan irəli sürmüşəm. İstanbul üçün etməli olduğumuz işlər var. Ola bilsin, namizədliyimi bu şəhərdən irəli sürməyimin bir səbəbi də budur”.
Nazir qeyd edib ki, seçki platformasında təbii fəlakətlərlə bağlı xüsusi müddəalar da olacaq: “Biz istəyirik ki, Türkiyə təbii fəlakətlərə qarşı daha dayanaqlı olsun. Bunun üçün görəcəyimiz işlər var. Biz hakimiyyətə gələndə prioritetimiz başqa idi, yollar çəkmək, məktəblər tikmək barədə düşünürdük. İndi isə daha böyük hədəfimiz var. Yenidən iqtidar olanda vədlərimizi yerinə yetirməyə çalışacağıq”.
M.Kurumun sözlərinə görə, xüsusilə qarşıdakı 5 ildə İstanbulla bağlı mühüm addımlar atacaqlar.