Türkiyənin təhlükəsizlik qüvvələrinin ölkənin İstanbul, Konya və Antakya şəhərlərində həyata keçirdiyi əməliyyatlar nəticəsində terrorçuluqda şübhəli bilinən 12 nəfər saxlanılıb.
“Report” “Milliyet”ə istinadən xəbər verir ki, İstanbul Şəhər Polis İdarəsinin terrorla mübarizə şöbəsi İŞİD terror təşkilatı ilə əlaqəsi olan şəxslərin ələ keçirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirməyə başlayıb.
Saxlanılan şəxslərdən Bülent Özbuğdayın terror qruplaşması üçün fəaliyyət göstərən “Təqva” qrupu yaratdığı, üzvlərinin bir yerə yığışması üçün kirayəyə götürdüyü mənzillərdən birini məscidə çevirdiyi məlum olub.
Təşkilatın Marmara üzrə “səlahiyyətli şəxsi” B.Özbuğdayın qruplaşma üzvü Selman Salışı “İstanbul valisi" olaraq təyin etdiyi üzə çıxıb.
Təşkilatın azərbaycanəsilli üzvü Əbdürrahman Mədiyevin isə döyüş bölgəsindən qayıdanların qalacaqları yerlər hazırladığı, onların ailələrinə yardım göstərdiyi məlum olub. Qeyd olunub ki, o, döyüş bölgəsinə getmək istəyənlər üçün nəqliyyat dəstəyi verirmiş.
Eyni zamanda Ataşehir, Başakşehir, Bağçılar, Esenler, Esenyurt, Kartal ve Pendik'də yerləşən qruplaşmalarının da ifşa olunduğu vurğulanıb.