Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri Numan Kurtulmuş Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması ilə bağlı qərəzli qərarını qınayıb.
“Report” xəbər verir ki, Kurtulmuşun bəyanatı Türkiyə parlamentinin rəsmi səhifəsində dərc olunub.
“Türkiyə Böyük Millət Məclisi (TBMM) AŞPA-nı dəstəklədiyi prinsipləri qətiyyətlə müdafiə etməyə, bölücü deyil, birləşdirici platforma olmağa və Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməyə çağırır”, - bəyanatda deyilir.
Kurtulmuş AŞPA-nın Azərbaycanla bağlı qərarından məyus olduğunu və bu qərara yaxın vaxtlarda yenidən baxılacağını gözlədiyini qeyd edib. Siyasətçi xatırladıb ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və bu qurumla əməkdaşlıq etdiyi illər ərzində təkcə onun əsas prinsiplərinin həyata keçirilməsinə mühüm töhfə verməyib, həm də mədəni müxtəlifliyin qorunmasında və mədəniyyətlərarası dialoqun təşviqində aparıcı rol oynayıb.
Xatırladaq ki, Azərbaycan 2001-ci ildə Avropa Şurası və AŞPA-nın tamhüquqlu üzvü olub. 2024-cü il yanvarın 24-də bəzi avropalı parlamentarilər Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə qarşı absurd ittihamlar səsləndirərək, onun səlahiyyətlərini şübhə altına alıblar. Bunu nəzərə alan Azərbaycan nümayəndə heyəti AŞPA-ya geniş bəyanat yayıb. AŞPA-da mövcud olan irqçilik, azərbaycanofobiya və islamofobiya ab-havası fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Nümayəndə heyəti bəyanatın elan olunmasında sonra zalı tərk edib.