Türkiyənin paytaxtı Ankara şəhərində terror aktını törədənlərdən biri PKK üzvüdür.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
" Hücuma cəhd edən 2 terrorçu təhlükəsizlik qüvvələrimizin dərhal reaksiyası nəticəsində zərərsizləşdirilib. Hadisə zamanı yaralanan iki polis qəhrəmanımızın müalicəsi davam edir. İstintaq zamanı terrorçulardan birinin şəxsiyyəti müəyyən edilib. O, separatçı terror qruplaşması PKK-nın üzvü olub. İkinci terrorçunun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir", - deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, hücum cəhdinin qarşısı alınan yerdə aparılan müayinələr zamanı 9,7 kq S-4 partlayıcısı, 3 əl qumbarası, bir qumbaraatan, “Qlok” markalı səsboğuculu tapança, həmçinin iki avtomat aşkar edilib.
Vurğulanıb ki, terrorçular Kayseri vilayətinin Dəvəli rayonundakı özəl müəssisədə baytar işləyən Türkiyə vətəndaşı Mikayıl Bozlaqanı öldürüb və daha sonra onun avtomobilini qaçırıblar.