Bakı. 31 avqust. REPORT.AZ/ "Rusiya və Türkiyənın altı aylıq soyuq münasibətlərdən sonra yaxınlaşmaq üçün əsaslı səbəbləri var".
"Report" xəbər verir ki, bu barədə Cənubi Qafqaz regionu üzrə ekspert Tomas de Vaal "Carnegie Europe" nəşrində dərc olunan məqaləsində yazıb.
Onun fikrincə, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan əlaqələri bərpa etməklə Qərbə öz narazılıqlarını çatdırmaq istəyirlər.
Ekspertin sözlərinə görə, Türkiyə Rusiyanın "SU-24" təyyarəni vurmasından sonra bir çox oyunçular, o cümlədən Azərbaycan və Mərkəzi Asiyanın türk dövlətləri heç kimin tərəfini tutmamağa çalışırdı. O hesab edir ki, Moskva və Ankara arasında münasibətlərin soyuması Türkiyə iqtisadiyyatına ciddi zərbə vurub: "Çünki Rusiya Türkiyə istehsalı olan malların idxalını dayandırdı. Eyni zamanda, Türkiyəyə gedən rusiyalı turistlərin sayı qat-qat azaldı. Digər tərəfdən Rusiyaya da zərbə dəydi. Axı, onlar Qara dənizin dibindən keçəcək "Türk axını" layihəsi ilə Avropaya qaz ixracında Ukraynadan asılılığı azaltmaq istəyirdi".
Tomas de Vaalın fikrincə, ruslar və türklər Avropanın onlara qarşı ədalətli olmadığını hesab edirlər.
Suriya məsələsində fəaliyyətin koordinasiyasından danışan analitik qeyd edib ki, tərəflər ölkənin şimalında İŞİD terror qruplaşmasına qarşı mübarizə aparmaq məqsədilə taktiki razılaşma həyata keçirib, amma Hələb uğrunda gedən döyüşlərdə əks düşərgələri dəstəkləyirlər.
"Buna görə də Ərdoğan və Putinin barışması strateji ittifaqdan çox, məhdud məqsədli və iqtisadi əsaslı biznes anlaşmasına bənzəyir", - deyə müəllif məqalədə yazıb.
Ekspertlərin fikrincə, hər iki ölkənin liderləri NATO kimi ittifaqların və Aİ kimi çoxmillətli təşkilatların zəiflədiyi və qüvvəsini itirdiyi dünya görür. "Hər iki lider bu cür ittifaqların müvəqqəti olduğu dünyada özünü daha rahat hiss edir", - məqalədə deyilir.