Qazaxıstan və Türkiyə prezidentləri Kasım-Jomart Tokayev ilə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Akorda (Qazaxıstan Prezident Administrasiyası) məlumat yayıb.
Telefon danışığı zamanı liderlər iki ölkə arasında qarşılıqlı dəstək və etimada əsaslanan genişləndirilmiş strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.
Dövlət başçıları ticari-iqtisadi, investisiya, mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə edib, həmçinin beynəlxalq və regional gündəlikdəki aktual məsələləri nəzərdən keçiriblər.
Qazaxıstan və Türkiyə prezidentləri Türk Dövlətləri Təşkilatının bu ilin noyabrında Astanada keçiriləcək X Zirvə toplantısına hazırlığın gedişi ilə bağlı fikir mübadiləsi aparıblar.
K.J.Tokayevin sözlərinə görə, bu görüşün keçirilməsi türk dövlətləri arasında əlaqələrin inkişafı istiqamətində mühüm addım olacaq.