TBMM sədri Türkiyənin Ermənistanla parlamentlərarası dostluq qrupu yaradıb-yaratmayacağından danışıb

Region
  • 22 iyun, 2023
  • 07:00
TBMM sədri Türkiyənin Ermənistanla parlamentlərarası dostluq qrupu yaradıb-yaratmayacağından danışıb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş rəsmi Ankaranın siyasi problemləri olduğu Misir, Ermənistan və Suriya ilə parlamentlərarası dostluq qruplarının yaradılıb-yaradılmayacağı məsələsinə aydınlıq gətirib.

“Report”un xəbərinə görə, o, “CNN Türk”ə müsahibəsində deyib ki, Türkiyənin adıçəkilən ölkələrin xalqları ilə heç bir problemi yoxdur.

“Ölkələrimiz arasında əlaqələrin tamamilə kəsildiyi bir vaxtda belə, türk xalqı kiməsə düşmən gözü ilə baxmır. Bizdən asılı olmayan səbəblər ucbatından gərginliklər, dialoqun davam etmədiyi zamanlar da olub, amma bu ölkələrin hər birinin xalqı bizim dostumuzdur”, - TBMM sədri vurğulayıb.

N.Kurtulmuş söyləyib ki, Türkiyənin gözləntisi mövcud gərginliyin xalqların mənfəətlərinə uyğun formada həllidir: “Mənfəətlərimizə uyğun olaraq, həmin ölkələrdəki dost və qardaş xalqların gözləntilərini nəzərə alaraq əlaqələrimizi inkişaf etdiririk”.

TBMM sədrinin sözlərinə görə, Türkiyə adıçəkilən ölkələrlə parlamentlərarası əlaqələri inkişaf etdirmək, əlaqələrin normallaşmasının inkişafı, dostluq qruplarının yaradılması və qarşılıqlı səfərlər üzərində çalışır.