TBMM-in deputatı: "Son illər Azərbaycanla Türkiyənin güclənməsi Avropada qısqanclıqla qarşılanır"

TBMM-in deputatı: "Son illər Azərbaycanla Türkiyənin güclənməsi Avropada qısqanclıqla qarşılanır" "Son illər Azərbaycanla Türkiyənin daha da güclənməsi, "SOCAR" və "Baykar" kimi böyük şirkətlərin dünyada söz sahibi olması Avropada anlaşılmaz qısqanclıqla qarşılanır".
Region
10 Dekabr , 2022 19:04
TBMM-in deputatı: Son illər Azərbaycanla Türkiyənin güclənməsi Avropada qısqanclıqla qarşılanır

"Son illər Azərbaycanla Türkiyənin daha da güclənməsi, "SOCAR" və "Baykar" kimi böyük şirkətlərin dünyada söz sahibi olması Avropada anlaşılmaz qısqanclıqla qarşılanır".

Bu fikirləri "Report"un yerli bürosuna açıqlamasında Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) olan deputatı Yunus Kılıç bildirib.

"Azərbaycan və Türkiyəyə qarşı beynəlxalq status almış təşkilatlarda "lobbiçilik" adı altında korrupsiya fəaliyyəti özünü göstərməkdədir. Belə olan halda Avropa İttifaqını təmsil edən siyasətçilər rüşvət qalmaqalları ilə demokratik dəyərləri tapdalamış olurlar", - Kılıç qeyd edib.

Türkiyəli deputat əksər avropalı siyasətçilərin lobbi fəaliyyəti ilə rüşvətxorluq anlayışlarını qarışdırdığını vurğulayıb:

"Bir dövlət hansısa bir ölkədə, yaxud beynəlxalq qurumda lobbiçilik fəaliyyəti ilə məşğul ola bilər. Zatən lobbi fəaliyyəti ilə ən çox Avropa ölkələri və ABŞ məşğuldurlar. Ancaq lobbiçilik rüşvətxorluğa yol açan mexanizm rolu oynamamalıdır. Lobbiçilik öz mənafeyinə beynəlxalq aləmdə dəstək tapmaq, bunun üçün əlaqələr qurmaqdır".

Siyasi fəaliyyətə korrupsiya əməllərinin qarışmasını tənqid edən Yunus Kılıç bu kimi cinayətlərin demokratiyaya ciddi zərbə vurduğunu deyib:

"Rüşvətin olduğu yerdə, heç kim azad iradəsini ifadə edə bilməz. Çünki rüşvət buna ən çox əngəl olan qeyri-qanuni əməldir".

Qeyd edək ki, bu günlərdə Belçikada Avropa Parlamenti sədrinin müavini, yunanıstanlı siyasətçi Eva Kayli korrupsiya işi istintaqı çərçivəsində saxlanılıb. Onun adı futbol üzrə dünya çempionatının Qətərdə keçirilməsi ilə bağlı korrupsiyada əsas fiqurlardan biri olaraq hallanır. Hazırda Belçika polisi bu işi araşdırır. Eva Kaylinin korrupsiya əməli sübut olunsa, bu, Avropa Parlamentində son zamanların ən böyük cinayət hadisəsi olacaq.

Son xəbərlər

Orphus sistemi