Tbilisidə Türkiyənin milli bayramı qeyd olunub

Tbilisidə Türkiyənin milli bayramı qeyd olunub Gürcüstanın paytaxtı Tbilisidə 23 Aprel - Türkiyənin Milli Suverenlik və Uşaq Bayramına həsr olunan tədbir keçirilib
Region
23 Aprel , 2021 14:31
Tbilisidə Türkiyənin milli bayramı qeyd olunub

Gürcüstanın paytaxtı Tbilisidə 23 Aprel - Türkiyənin Milli Suverenlik və Uşaq Bayramına həsr olunan tədbir keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Türkiyənin Gürcüstandakı səfirliyi bayramı türkiyəli və gürcü uşaqlarla birgə qeyd edib.

Türkiyə səfiri Fatma Ceren Yazqan və diplomatik nümayəndəliyin əməkdaşları öncə diplomatik nümayəndəliyin binası yaxınlığında yerləşən böyük gürcü ədib və ictimai xadim İlya Çavçavadzenin büstü önünə əklil qoyublar.

Səfir uşaqlara milli bayramın tarixi və önəmi, Türkiyənin qurucusu Mustafa Kamal Atatürk və İ.Çavçavadze barədə məlumatlar verib.

F.C.Yazqan deyib ki, bugünkü bayramı Atatürk uşaqlara ərməğan edib: “Hər il dünyanın müxtəlif yerlərində bu bayram uşaqların iştirakı ilə şənliklərlə qeyd olunur. Lakin pandemiya səbəbindən iki ildir mərasimləri geniş şəkildə təşkil etmək mümkün deyil. Gürcüstanda da bu günü fərqli formatda keçiririk. Bayramın əsas məramı uşaqların bu günü barış içində qeyd etməsidir”.

Diplomatın sözlərinə görə, İ.Çavçavadze də Atatürk kimi millət quruculuğunda mühüm rol oynamış şəxsiyyətlərdən biridir: “Milli bayramı türkiyəli, gürcü və qeyri-gürcü uşaqlarla birgə qeyd etmək və onlara bu iki böyük xadimi tanıtmaq çox önəmlidir”.

Tədbir daha sonra səfirlikdə davam etdirilib. F.C.Yazqan uşaqlara şirniyyatlar paylayıb və onlarla əyləncəli oyun keçirib.

Mərasim çərçivəsində diplomatik nümayəndəliyin qarşısında Milli Suverenlik və Uşaq Bayramına aid türk və gürcü dillərində məlumatlandırıcı plakat, “Atatürk və uşaqlar” mövzusunda, həmçinin Türkiyənin ən hündür dağı olan Ağrı dağın da yer aldığı fotoşəkillər sərgilənib.

Son xəbərlər

Orphus sistemi