Tbilisidə qadın liderlərin beynəlxalq konfransı keçiriləcək
- 30 mart, 2022
- 11:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin may ayında Tbilisidə qadın liderlərin iştirakı ilə beynəlxalq konfransın keçirilməsi planlaşdırılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşdə bildirib.
Onun sözlərinə görə, tədbir qadınların münaqişələrdə roluna həsr olunacaq.
Görüşdə Ukraynadakı müharibə, regionda vəziyyət, Ukraynaya yardım və həmrəylik məsələləri də müzakirə olunub.
Z.Rau Polşa və ATƏT adından Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiqləyib. S.Zurabişvili Gürcüstanın Avropa İttifaqına üzvlük prosesinin sürətləndirilməsi məsələsinə dəstəyinə görə Polşaya minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Gürcüstanın dövlət başçısı qadın liderlərin Tbilisidə beynəlxalq konfransının keçirilməsini ötən ilin fevralında ATƏT-ə təklif edib.