Gürcüstanın paytaxtı Tbilisidə yazıçılar, şairlər, rəssamlar, tərcüməçilər, bir sözlə, yaradıcı insanlar üçün fərqli məkan var. Yaşayıb yaratmaq üçün yaradılmış rezidensiya şəhərin mərkəzi Sololaki rayonunda, İvane Maçabeli küçəsi 13 ünvanındakı Gürcüstan Yazıçılar Evində yerləşir.
Ədəbi qərargahın beş otağı əsərlərində Gürcüstana yer vermiş məşhur şair və yazıçıların şərəfinə adlandırılıb. Bu məkanı azərbaycanlı yaradıcı insanlar üçün də cəlbedici edən şərq üslubunda tərtib olunmuş və Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan otaqdır. Məlumdur ki, böyük ədib “Xosrov və Şirin” və “İskəndərnamə” poemlarında Tiflis və Gürcüstanı vəsf edib.
“Report”un yerli bürosunun əməkdaşları mədəni irs abidəsi olan Gürcüstan Yazıçılar Evində olublar və bu il 880 illik yubileyi qeyd edilən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin adına olan otağa baş çəkiblər.
Hədiyyə olunan bina
Gürcüstan Yazıçılar Evinin yerləşdiyi əzəmətli bina 1903-1905-ci illərdə tanınmış xeyriyyəçi, ölkənin konyak istehsalının əsasını qoyan, kimya və fəlsəfə üzrə doktor David Saracişvili (1848-1911) tərəfindən həyat yoldaşı Ekaterine Porakişvili ilə evliliyinin 25-ci ildönümü münasibətilə inşa olunub.
Möhtəşəm ikimərtəbəli tikili alman memar Karl Zaarın tbilisili həmkarları Aleksandr Pzerov və Korneli Tatişevlə əməkdaşlıq nəticəsində ərsəyə gəlib. Art Nouveau memarlığının gözəl nümunəsi olan bina gürcü və Avropa memarlığının ən yaxşı sintezi kimi qəbul olunur.
Qısa zaman ərzində Tbilisinin mədəni həyatının mühüm mərkəzinə çevrilən tikilidə ziyafətlərlə müşayiət edilən ədəbiyyat, incəsənət axşamları, sərgilər təşkil olunurdu.
Uzun illər bir sıra tarixi hadisələrə şahidlik etmiş 116 yaşlı bina 2008-ci ildə Gürcüstan Yazıçılar Evinə verilib.
Yaradıcılıq evinin yaranması və funksiyası
2017-ci ildə Gürcüstanın Biznes Assosiasiyanın maliyyə dəstəyi ilə binanın istifadə olunmayan mansardında tikilinin harmoniyasına uyğun təmir və bərpa işləri aparılaraq qonaq otaqları yaradılıb. Apartamentlərin xüsusi və orijinal tərtibatı tanınmış gürcü rəssam, dizayner, restorator Quqa Kotetişviliyə məxsusdur. Digər apartamentlər yazıçılar – Aleksandr Dyuma (fransız üslublu), Boris Pasternak (Rusiya üslublu), Marcori və Oliver Vardrop (ingilis üslublu), Con Steynbekin (Amerika üslublu) adını daşıyır. “Muzey otaqlar”da olan hər bir əşya əl işidir, interyeri, mebelləri təkrarolunmaz və bənzərsizdir.
Yaradıcılıq evi Yazıçılar Evinə beynəlxalq ədəbi təşkilatlarla mədəni əlaqələri genişləndirməyə və möhkəmləndirməyə, əcnəbi müəlliflər, tərcüməçilər və naşirlərlə sıx əməkdaşlıq qurmağa imkan verir. Tbilisidə keçirilən ədəbi seminarlar, ustad dərsləri və müzakirələrin iştirakçıları da bu məkanın qonağına çevrilərək yeni ideya və layihələri inkişaf etdirirlər.
Evin ilk fəxri qonağı belarus yazıçısı, jurnalist və ssenarist, Nobel mükafatçısı, Svetlana Alekseyeviç olub.
“Şərq incə işdir”
Nizami Gəncəvi otağında əsl şərq ab-havası yaradılıb, şərq stilində dizaynın əsas cəhətlərinə uyğunluq gözlənilib - çarpayı zonası pərdə ilə örtülüb, xalça, balış və pərdə kimi tesktil məmulatlarından geniş istifadə olunub.
Görünən odur ki, dizayner otağın tərtibatında məşhur “Şərq incə işdir” deyimini əlində rəhbər tutub. Zərif şərq naxışları ilə bəzək vurulmuş çarpayı, stul, kreslolar, divan, balışlar, şkaf, yazı masası, çılçıraqlar otağa xüsusi kolorit verir, divarların və əşyaların rənglərinin tonları insana sakitləşdirici və rahatlaşdırıcı təsir bağışlayır. Bu cür məkanda qonaq olan yaradıcı insanı “ilham pərisi”nin ziyarət etməməsi mümkünsüzdür.
Menecer Ana Maxaradze Nizami Gəncəvi otağında birgünlük gecələmənin qiymətinin səhər yeməyi daxil olmaqla, 100 ABŞ dolları təşkil etdiyini bildirir. Nisbətən böyük digər otaqlarda qiymət 120 ABŞ dollarına bərabərdir. Onun sözlərinə görə, evdə Tbilisidə yaşayan və gündəlik məişətdən uzaq bir yerdə yaradıcılığa vaxt ayırmaq istəyən yerli yazarlar da ara-sıra qonaq olur.
Sakitliyə riayət edin! Yaradıcı proses gedir
Yaradıcılıq evində, eləcə də otaqların heç birində televizorun olmaması diqqəti çəkir. A.Maxaradze ilə söhbətdən məlum olur ki, apartamentlərdə elə bir atmosfer formalaşdırılıb ki, yaradıcılıq üçün ilhamlanmağa heç bir səs-küy mane olmasın.
Apartamentlərdə riayət olunmalı bir sıra qaydalar var. Bir nömrəli qayda sakitliyə riayət etməkdir. Qida və içki qəbul etmək, siqaret çəkmək qadağandır. Azyaşlı uşaqları olan yaradıcı insanlar qonaq qəbul olunmur. Bu, uşaqların əşyalara hər hansı bir zərər vurmamasından bir növ sığortalayır.
Həm zal, həm mətbəx, həm də otaqlardakı bütün əşyalara muzey eksponatı kimi yanaşılır və mühafizə olunur. A.Maxaradzenin sözlərinə görə, apartamentlərdə kiçik bir dəyişiklik belə etmək yalnız dizaynerin razılığından sonra mümkündür.
Yaradıcılıq evinin qonağı olmaq üçün otaqları
Menecerdən azərbaycanlı şair və yazıçıların evdə qalıb-qalmadıqlarını maraqlanırıq. Onun sözlərinə görə, Azərbaycandan hələ qələm sahiblərini qəbul etməsələr də, adi qonaqlar olub.
Yaradıcılıq məkanına ən yaxşı hədiyyə
A.Maxaradze ilə söhbətimizin sonuna yaxın yaradıcılıq evinə Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin adından böyük şairin gürcü dilinə tərcümə olunmuş “Leyli və Məcnun”, “Xosrov və Şirin” və “Yeddi gözəl” əsərlərinin yer aldığı kitablar hədiyyə olunur. Nizami Gəncəvi otağındakı yazı masasına qoyulan nəşrlər nəfis tərtibatı ilə məkanın harmoniyasını pozmur, əksinə zənginləşdirir. Menecer dəyərli hədiyyəyə görə təşəkkürünü bildirir və kitablardan birini zaldakı xüsusi masanın üzərinə yerləşdirir.
Ədəbi rezidensiya pandemiya səbəbindən Tbilisinin digər mehmanxana və qonaq evləri kimi son zamanlar az qonaq-qaralıdır. Lakin Gürcüstanda turizm sektorunun tədricən bərpası və Tbilisinin bu ilin “Dünya kitab paytaxtı” olması məkanın qonaqlarla yenidən qaynayıb-qarışacağını deməyə əsas verir.