Tbilisi. 12 may. REPORT.AZ/ Tbilisidə davam edən etiraz aksiyasına ölkənin bölgələrindən də dəstək verilir.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, aksiyaya dəstək məqsədilə Kutaisidən paytaxta 80 nəfər gəlib.
Aksiyaya habelə Qori, Zestafoni, Kaspi və digər iri rayonların sakinləri də qoşulublar. Aksiyaçılar baş nazir Georqi Kvirikaşvilini polisin gecə klubunda keçirdiyi xüsusi əməliyyatla bağlı mövqeyini açıqlamağı tələb etsələr də, buna görə ona saat 22:00-dək vaxt versələr də, baş nazir ultimatuma hər hansı reaksiya verməyib.
Hazırda Gürcüstan paytaxtında yağıntılı havanın olmasına baxmayaraq, etirazçılar aksiyanı davam etdirəcəklərini bildiriblər.
Etirazçılara yağış keçirməyən xususi plaş paltarlar paylanılıb. Yağışlı hava şəraitinə baxmayaraq, aksiya səhərə qədər davam edəcək. Hazırda etirazçılar çadırlar qururlar. Artıq 5 çadır qurulub.
Qeyd edək ki, aksiyaya səbəb Gürcüstan polisinin dünən gecə paytaxtdakı "Qalleri" və "Bassiani" gecə klublarında narkotiklərə qarşı əməliyyat keçirməsidir. Əməliyyat zamanı bir neçə nəfərdən narkotik maddə götürülüb, faktla bağlı 8 nəfər saxlanılıb.


