Tbilisidə Avstraliya vətəndaşı 31 yaşlı Şanay Brukun qətlində ittiham olunan Rafael Mursaqulovu ekspertiza psixi sağlam hesab edib.
“Report”un yerli bürosu xəbər verir ki, rəyə əsasən, soydaşımız cinayəti törədən an affekt vəziyyətində olmayıb.
Cinayət işi üzrə bu günə təyin olunmuş məhkəmə iclasında prokuror və vəkillər yekun nitqlə çıxış edəcəkdilər. Lakin ekspertizanın nəticəsi əldə olunandan sonra vəkillər iclasın təxirə salınmasını tələb ediblər.
R.Mursaqulovun vəkilləri müdafiə etdikləri şəxsi psixiatrik klinikiya yerləşdirilməsini tələb edirdilər, lakin ekspertiza rəyindən sonra bu tələb əsaslandırılmamış olub.
Yerli mətbuatın yazdığına görə, Ş.Brukun ailə üzvləri yaxın zamanlarda Gürcüstana getməyi planlaşdırırlar. Onlar R.Mursaqulovun ömürlük həbs olunmasını tələb edirlər.
Qeyd edək ki, Ş.Bruk ötən ilin iyulun 30-da itkin düşüb. O, bir ildən çox müddətdə Batumidə ingilis dili pedaqoqu işləyib və Tbilisiyə istirahətə yollanıb. Qadının meyiti növbəti gün Tbilisidə Mtatsminda dağının yamacında aşkarlanıb. Əcnəbi vətəndaşın soyuq silahla öldürüldüyü bildirilir.
R.Mursaqulovun günahı sübuta yetirilərsə, onu 16 ildən 20 ilədək və yaxud ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.