Tbilisidə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Region
  • 27 may, 2022
  • 18:00
Tbilisidə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin 28 May – Müstəqillik Günü münasibətilə təşkil etdiyi rəsmi ziyafət başa çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, mərasim iştirakçıları qarşısında çıxış edən Azərbaycan səfiri Faiq Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasını tarixi hadisə adlandırıb.

O, AXC-nin müsəlman aləmində yaradılan ilk demokratik respublika olduğunu qeyd edib: “Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olub. Bu, xalqımızın çox mütərəqqi olduğunu göstərir”.

Səfirin sözlərinə görə, müstəqilliyimizin bərpa olunmasından sonra Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığın əsasları 1996-cı ildə ulu öndər Heydər Əliyevin Tbilisiyə etdiyi ilk tarixi səfər zamanı qoyulub, həmin səfər çərçivəsində imzalanmış təməlqoyucu sənədlər ikitərəfli münasibətlərin ana xəttini müəyyən edib.

F.Quliyev 44 günlük Vətən müharibəsinin ilk anlarından etibarən Gürcüstanda yaşayan yüz minlərlə soydaşımızın nümayiş etdirdiyi dəstəkdən də söz açıb: “Gürcüstandakı azərbaycanlı icması ilə yanaşı, Gürcüstan dövlətinin rəsmiləri və gürcü dostlarımızın dəstəyini və həmrəyliyini də hiss etdik. Bununla bağlı bir daha təşəkkürümüzü bildiririk”.

Diplomat müstəqilliyimizin qorunması və möhkəmlənməsinin ən vacib məsələlərdən biri olduğunu vurğulayıb: “Əminəm ki, müstəqilliyimiz əbədi olacaq və Azərbaycan gələcək illərdə yeni-yeni parlaq nailiyyətlər əldə edəcək”.

Sonra çıxış edən Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya Azərbaycanın milli bayramına həsr olunan mərasimdə iştirakından məmnunluq ifadə edib. O, Azərbaycanı əlamətdar gün münasibətilə təbrik edərək, xalqımıza inkişaf və xoşbəxtlik arzulayıb.

XİN rəsmisi Gürcüstan-Azərbaycan münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb və qarşılıqlı əlaqələrin bölgədə sülh və sabitliyin qorunub saxlanılması naminə bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Tədbir konsert proqramı ilə davam etdirilib. Azərbaycanın əməkdar artisti Şəhriyar İmanov tarda milli mahnılarımızı ifa edib. Qonaqlar tarzənin ifasında “Tbiliso” və “Çito-qrito” gürcü mahnılarını böyük maraq və alqışlarla qarşılayıblar. Proqramda Azərbaycan Dövlət Filarmoniyasının xor kollektivi də çıxış edib, gürcü opera müğənnisi İamze Urumaşvili “Ey Vətən” mahnısını təqdim edib.

Mərasim çərçivəsində Şuşada keçirilmiş V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı, Azərbaycanın təbiəti, mədəniyyəti və tolerantlığını əks etdirən müxtəlif fotoşəkillər sərgilənib.

18:38

Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyi 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə Gürcüstanın Xarci İşlər Nazirliyinin rəsmiləri, hökumət, parlament üzvləri, diplomatik korpus, SOCAR şirkətinin nümayəndələri, azərbaycanlı icmanın, Azərbaycanlı İş Adamları Birliyinin üzvləri, ziyalılar iştirak edirlər.

Mərasimə Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev də qatılıb.

Öncə kişi xoru Gürcüstan, Dövlət Filarmoniyasının xor kapellası Azərbaycan himnini ifa ediblər.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, Müstəqillik Günümüzün Tbilisidə qeyd olunması rəmzi məna daşıyır, belə ki, 104 il bundan öncə Azərbaycanın istiqlaliyyət bəyannaməsi məhz bu şəhərdə qəbul edilib.

O, ilk respublikanın mövcud olduğu 23 ay ərzində qəbul olunmuş bir sıra mühüm qərarlar barədə də danışıb.

Səfir Azərbaycan-Gürücüstan münasibətlərinin gündən-günə daha da gücləndiyini və bu əlaqələrin tarixi dostluq, mehriban qonşuluq, strateji tərəfdaşlıq, qarşılıqlı dəstəyə əsaslandığını qeyd edib.

F.Quliyev bu il Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün yüksək səviyyədə qeyd olunacağını deyib.

Mərasim çıxışlarla davam etdirilir.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlara konsert proqramı təqdim olunacaq.