Azərbaycanlıların xilas etdiyi turaclar Tbilisi zooparkına verilib

Azərbaycanlıların xilas etdiyi turaclar Tbilisi zooparkına verilib Tbilisi zooparkında turac quşları peyda olub.
Region
26 Oktyabr , 2021 17:11
Azərbaycanlıların xilas etdiyi turaclar Tbilisi zooparkına verilib

Tbilisi zooparkında turac quşları peyda olub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, onların heyvanxanada sığınacaq tapmaları soydaşlarımızın xeyirxahlığı ilə bağlıdır.

Zooparkın yaydığı məlumata əsasən, 3 ədəd cücə iyul ayında Saqareco rayonunun azərbaycanlılar yaşayan Yormuğanlı kəndində sahədə ot biçini zamanı aşkarlanıb. Ana turac sahədə görünməyib, bala quşlar pişiklərə yem olmasın deyə onları tapan şəxslər cücələri heyvanxanaya aparıblar.

Turac balaları artıq üç aydır Tbilisi heyvanat parkının sakinləridir. Zooparkdan bildirilib ki, turacın Gürcüstan ərazisində dar arealı var. Nadir quşlara az sayda yalnız Azərbaycanla sərhəd yaxınlığında İori çayının aşağı axarında rast gəlmək mümkündür.

Heyvanat parkı turacların sayını artırmaq niyyətindədir.

“Gələcəkdə onları çoxaltmağa çalışmaq istəyirik və əgər alınarsa, bu, uğur hekayəsi olacaq”, - zooparkın məlumatında deyilir.

Qeyd edək ki, turac quşu Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilib, ovlanması qadağandır.

Son xəbərlər

Orphus sistemi