"Türkiyənin zəlzələ bölgəsində səsvermənin təhlükəsiz, obyektiv keçirilməsinə çalışacağıq".
“Report” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu Kahramanmaraşda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Kahramanmaraşda işlər davam edir, Türkiyə hökumətinin müvafiq qurumları fevralın 6-da baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün çalışır: “Səhiyyə Nazirliyi də işlərini davam etdirir. Çalışırıq ki, həm çadırlarla, həm də konteynerlərdə gigiyena təmin olunsun. Bu məqsədlə lazımi addımlar atılır. İndiyədək hansısa kütləvi xəstəliyə və ya zəhərlənməyə rast gəlinməyib”.
Nazir bildirib ki, şagird və tələbələrin təhsildən yayınmaması üçün də işlər görülür: "Xalqımıza, zəlzələdən zərərçəkənlərə səbir nümayiş etdirdiklərinə görə təşəkkür edirik. Dövlət həmişə onların yanında olacaq. Mayın 14-də bütün vilayətlərdə olduğu kimi, Kahramanmaraşda da səsvermə keçiriləcək. Səsvermə prosesinin təhlükəsiz, obyektiv qaydada keçirilməsinə çalışacağıq".
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
Hadisə nəticəsində 50 mindən çox insan həlak olub.