“Rusiyalı politoloqlar Qaregin Njde haqqında filmin Rusiyada nümayişinə görə Baş Prokurorluğa müraciət edəcəklər”.
Bunu “Report”un Rusiya bürosuna açıqlamasında politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib.
“Hazırda Qaregin Njdeni təbliğ edənlərin cinayət məsuliyyətinə cəlb olunması məqsədilə Baş Prokurorluğa müraciət edilməsini müzakirə edirik”, - o deyib.
Ekspert vurğulayıb ki, erməni disaporu Rusiyanın maraqlarına zidd hərəkət edir: “Məncə, bu filmin nümayişi sübut edir ki, Rusiyadakı erməni icmasının ideoloji oriyentirlər sistemi Rusiyanın yürütdüyü siyasətə ziddir. Qaregin Njde diversiya terror fəaliyyəti ilə məşğul olub. O, çoxsaylı hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törədib”.
Onun sözlərinə görə, erməni icmasının faciəvi səhvi ondan ibarətdir ki, onlar Qaregin Njdenin qəhrəman olduğunu təkid edirlər: “Ermənilər Qaregin Njdenin qəhrəman olmadığını etiraf etmək üçün özlərində güc tapmalıdırlar. Bu filmdə çoxlu ağ yalan var. Filmdə təkcə nasist cinayətkar Qaregin Njdenin cinayətləri deyil, həm də onun Vətəndaş müharibəsi zamanı törətdiyi cinayətlər təbliğ olunur”.
Xatırladaq ki, daha əvvəl Rusiya veteranları Njde haqqında filmə görə Rusiya Erməniləri İttifaqını faşizmə bəraət qazandırmaqda ittiham etmişdilər.