Səfir: “Gürcüstan Cənub Qaz Dəhlizinin reallaşmasından dividendlər alıb”

Səfir: “Gürcüstan Cənub Qaz Dəhlizinin reallaşmasından dividendlər alıb” “Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri birmənalı olaraq geostrateji əhəmiyyətə malikdir və onların tam şəkildə həyata keçirilməsinin həm siyasi, həm də iqtisadi cəhətdən önəmi böyükdür”.
Region
16 Noyabr , 2021 15:13
Səfir: “Gürcüstan Cənub Qaz Dəhlizinin reallaşmasından dividendlər alıb”
Zurab Pataradze

“Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri birmənalı olaraq geostrateji əhəmiyyətə malikdir və onların tam şəkildə həyata keçirilməsinin həm siyasi, həm də iqtisadi cəhətdən önəmi böyükdür”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze “Milli Məclis” analitik informasiya jurnalına müsahibəsində deyib.

Səfir bildirib ki, Cənub Qaz Dəhlizinin reallaşması ilə Gürcüstan tranzit ölkə kimi, Azərbaycan isə karbohidrogen hasil edən ölkə kimi Avropanın enerji təhlükəsizliyinə öz töhfələrini verirlər: “Ötən əsrin sonunda başlanan irimiqyaslı layihələrin həyata keçirilməsi və onların fasiləsiz istismarı ölkələrimizin imicinə müsbət təsir göstərmişdir və bu gün Gürcüstan ilə Azərbaycan Qərb üçün etibarlı tərəfdaş ölkələrdir”.

Z.Pataradzenin sözlərinə görə, Cənub Qaz Dəhlizinin reallaşması sayəsində Gürcüstan həm siyasi, həm də iqtisadi dividendlər ala bildi: “Onun uğurlu istismarı Rusiya qazından enerji asılılığının azaldılmasına müsbət töhfə verir və ölkəmizin enerji təhlükəsizliyini təmin edir. Bakı-Tbilisi-Qars dəmir yoluna gəldikdə, onun tam fəaliyyət göstərməsi bölgənin nəqliyyat və ticarət mərkəzinin statusunu daha da gücləndirəcək, Çin, Qazaxıstan və Hindistan da daxil olmaqla Qərbi və Şərqi birləşdirəcək, yüklərin və sərnişinlərin səmərəli və qənaətli hərəkətini asanlaşdıracaq. Bu marşrut təkcə Qafqazda deyil, daha geniş bölgədə yük dövriyyəsini artıracaq, əlaqəli infrastrukturu inkişaf etdirəcək, yeni bazarların, turizmin və emal sektorlarının sürətli inkişafına kömək edəcək, davamlı iqtisadi inkişafa, sabitliyə töhfə verən əlavə iş yerləri yaradacaqdır”.

Son xəbərlər

Orphus sistemi