Bakı. 15 yanvar. REPORT.AZ/ Rusiyanın Ermənistandakı səfirliyinin binası qarşısında gərginlik qalmaqdadır.
"Report" "1in.am"a istinadən xəbər verir ki, polislər səfirlik binasının qarşısına toplanan fəallara güc tətbiq edir. Məlumata görə, həbs edilən fəallardan birinin səhhəti ağırlaşıb.
Xəbərdə bildirilib ki, asayiş keşikçiləri səslərinin eşidilməməsi üçün etirazçıları səfirliyin binası qarşısından geri itələyir. Aksiya iştirakçıları "Ermənistan müstəqildir!", həmçinin polislər və Rusiya prezidenti əleyhinə şüarlar söyləyir.
Xatırladaq ki, yanvarın 12-də Rusiyanın Gümrüdəki hərbi bazasının müddətli əsgəri Valeri Permyakov bir erməni ailəsinin altı üzvünü qətlə yetirib. Rusiya tərəfi onun federasiyada mühakimə olunacağını bilidirb. Ermənistan ictimaiyyətinin fəalları isə onun öz ölkələrində mühakimə olunmasını tələb edir.