Rusiyanın ukraynalılar üçün “filtrasiya düşərgələri”: “Heç vaxt belə qorxmamışam”

Rusiyanın ukraynalılar üçün “filtrasiya düşərgələri”: “Heç vaxt belə qorxmamışam” Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, müharibə başlayandan bəri, demək olar ki, 900 min ukraynalı qaçqın Rusiyaya daxil olub. Eyni zamanda Rusiyanın atəşi altında olanların Ukraynanın nəzarətində olan əraziyə daxil olması ço
Region
12 May , 2022 17:19
Rusiyanın ukraynalılar üçün “filtrasiya düşərgələri”: “Heç vaxt belə qorxmamışam”

Fevralın 24-də müharibə başlayandan bəri 900 minə yaxın ukraynalı qaçqın Rusiyaya daxil olub. Eyni zamanda Rusiyanın atəşi altında olanların Ukraynanın nəzarətində olan əraziyə daxil olması çox vaxt qeyri-mümkün məsələyə çevrilir. Onlar qondarma “Donetsk Xalq Respublikası” və ya Krım üzərindən Rusiyaya aparılır, həm də uzun müddətli filtrasiya adlanan prosedura məruz qalırlar. Ukraynalılar bir neçə gün belə “filtrasiya düşərgələrində” saxlanılırlar.

“Report” xəbər verir ki, “Meduza” internet nəşri “filtrasiya”dan keçənlərlə söhbət edib və bu sistemin necə işlədiyindən danışıb.

Gitara ifaçısı Vitali, həyat yoldaşı və bir yaşlı qızı müharibənin ilk günündə Mariupola gəliblər. Onlar yaxınlıqdakı kənddən şəhərdəki qohumlarının yanına köçmək qərarı veriblər. Belə ki, Mariupolda daha təhlükəsiz olduğunu düşünüblər. Sonrakı qırx günü ya mənzildə, ya da zirzəmidə keçiriblər. Mərmilərdən biri elə ilk vaxtdan onların avtomobillərinə tuş gəlib.

O bildirib ki, şəhərdə fasiləsiz rabitə qısa müddətdə yoxa çıxdığına görə bölgəni necə tərk edə biləcəklərini öyrənmək çətin olub:

“Biz təsadüfən təxliyə avtobusu haqqında dostlardan öyrəndik və bəxtimizi sınamaq qərarına gəldik. Eşitdik ki, aprelin beşində səhər saat altıda – sükut saatında yola düşmək olar. Bəxtimiz gətirdi, Nikolskeye (Mariupoldan 20 kilometr aralıda olan kənd, “DXR”nin nəzarətindədir — red.) gedən avtobusa minə bildik”.

Nikolskedə “DXR” hərbçiləri bütün kişiləri baxışdan keçiriblər: “Onların təbirincə desək, “filtrasiya”. Biz növbə ilə vaqona girdik, orada iki əsgər hər şeyi yoxladı: telefon, döymələr, şəxsi əşyalar”.

Vitali bildirib ki, özü içəri girəndə artıq iki kişi alt paltarına qədər soyundurulmuşdu. Gitaraçı söyləyib ki, onlardan biri əllərini başının arxasında, üzü divara çevirərək dayanmış, digəri isə küncdə yerdə oturmuş vəziyyətdə olub:

“Anladığım qədər, onları hansısa anti-Rusiya mitinqlərindən tanıyıblar. Bundan əvvəl tanışlar mənə Rusiyaya getməzdən əvvəl bütün mesajlaşmaları silməyi məsləhət gördülər və “təmiz” telefon problemə çevrildi. Mən uzun müddət sübut etməli oldum ki, hərbçilərlə heç bir əlaqəm yoxdur. Mən soyunanda hərbçilər üzərimdə amerikan qartalı ilə döymə gördülər və uzun müddət bu barədə soruşdular. Ancaq sonda buraxdılar”.

Vaqonun çıxışında əsgərlərdən biri qəfildən Vitaliyə “nə şirinlik verə bilərsən?” deyə soruşub. O, üzərində olan fənəri həmin əsgərə verib. Bundan sonra onu buraxıblar.

Nikolskedən “DXR”nin nəzarəti altında olan ərazilər üzərindən Vitali Rusiyanın Taqanroq şəhərinə gedib. Yolda o, daha bir neçə keçid məntəqəsindən keçməli olub. Orada da o, “filtrasiya” və sorğu-sualdan keçib.

Berdyanskdan olan Konstantin (ad şərtidir) isə şəhərin Rusiya hərbçiləri tərəfindən işğalına qədər avtomobil hissələrinin satışı ilə məşğul olub.

“Mənim biznesim çökdü, çünki məlum oldu ki, artıq heç kimə lazım deyil. Xaricdən tədarük də dayanıb”, - o qeyd edib.

Konstantinin pulu tez tükənib: “Yalnız qonşu kəndlərdən fermerlər gətirəndə adekvat qiymətə məhsul almaq mümkün idi. Qiymətlər günü-gündən artırdı - bir paket yuyucu vasitə altı dollara başa gəlirdi. Atəşdən xilas ola bilən Mariupol sakinləri bizə gəlib mümkün olan hər şeyi satın aldılar, daha sonra Zaporojyeyə qədər getdilər. Humanitar fəlakət çox tez başladı, amma mən sonacan ən yaxşısına ümid edirdim”.

Konstantin arvadı və uşağı ilə yaşadığı ərazini tərk etmək qərarına gəliblər. Ailə mərmi atəşlərinə görə Ukraynanın nəzarətində olan Zaporojye ərazisinə keçə bilməyib. Yeganə təhlükəsiz variant Krım vasitəsilə Rusiyaya getmək olub.

Yerli sosial şəbəkə çatlarında Konstantin hələ də boş yerin olduğu bir evakuasiya avtobusu haqqında mesaj görüb. Aprelin 28-də ailə Berdyanskı tərk edib. Krımla sərhəddə, Xerson vilayətinin Çonqar kəndində onlar standart pasport nəzarəti prosedurundan keçiblər. Arvad və uşağı asanlıqla buraxıblar, Konstantini isə tamamilə kamuflyaj toru ilə örtülmüş hasardakı hansısa qapıya işarə ediblər. Pasportu ona hələ də qaytarılmayıb.

Konstantin içəri girəndə daha bir neçə yüz kişinin “filtrasiya” üçün növbə gözlədiyini görüb. Onun dediyinə görə, taxta ağılda (“zaqon” – red.) skamyalar və stullar olsa da, lakin onlarda heç kim oturmurmuş.

Eyni filtrasiyadan keçən bir başqa sakin Maksim skamyalarda iki pasport qutusunun olduğunu bildirib: “Hərbçilər təsadüfi yolla bir pasport götürüb orada olan soyadı uca səslə söyləyib sənədi içəri ötürürdülər. Soyad adresata çatanda o, anidən “Kovalçuk”dan “Petrayçuk”a çevrilə bilərdi, insan öz soyadını buraxaraq sonsuzadək sıra gözləyə bilərdi. Eyni hal yuxuya gedənlərlə bağlı da baş verirdi. Soyad üç dəfə çəkiləndən sonra heç kim cavab vermirdisə, növbəti pasporta keçirdilər. Ətraf hasar, yer çınqıl idi. İnsanların yarısı qısaqol geyimdə, bayır isə soyuq idi – təqribən 13 dərəcə”.

Konstantini isə bir saat civarında sorğuya çəkiblər. Onun Rusiyada harada qalmağı planlaşdırdığı ilə maraqlanıblar. O, həyat yoldaşının qohumunun yanında qalacağını bildirib. Buna cavab olaraq hərbçilər ondan arvadının adını və sənədlərini təqdim etməyi tələb ediblər. Konstantin qohumunu şəxsən tanımadığına görə qayınatasına zəng edib adı dəqiqləşdirmək üçün telefon istəyib. Ancaq şəbəkə tutmayıb – Berdyansk sakini Rusiya hərbçiləri ilə birlikdə şəbəkəni tapana qədər sərhəd-keçid məntəqəsinin ərazisini gəzib. Daha sonra döymə (tatu) yoxlanışı başlayıb:

“Mənim səkkizguşəli ulduzlu döyməm var - bu, bürcüm olan Əqrəbin geometrik talismanıdır. Bu onları çaş-baş saldı və biri bunun Davud ulduzu olduğunu söylədi. Dedim ki, Davud ulduzu altıguşəlidir. Sonra növbəti zabitin yanına getdik. Onlar mənim izahatıma inanmasalar da, onları yola gətirə bildim. Sonra həyat yoldaşıma zəng etməyi təklif etdilər, amma mən həyat yoldaşımın hamilə olduğunu dedim və onları zəng etməməyə razı saldım. Axırda məni buraxdılar. İndiyədək heç vaxt belə qorxmamışam”.

Maksim isə doqquz saat “ağıl”da öz növbəsini gözləməli olub. Dindirmə zamanı onunla yalnız ədəbsiz danışıblar: “Onlar məndən siqaret çəkib-çəkmədiyimi, içki içib-içmədiyimi, arvadımı aldadıb-aldatmadığımı, arvadımın siqaret çəkib-çəkmədiyini soruşdular...”

Maksimin telefonu diqqətlə yoxlanılıb: “Onlar sözün əsl mənasında hər bir fotoşəkillə bağlı suallar verirdilər”.

Daha sonra əsgərlərdən biri Maksimə deyib: “Ukrayna Silahlı Qüvvələrində ya da yerli ərazi müdafiəsi qruplarında xidmət edən hər kəsin adını ver, ya da bizimkilər üçün döyüşə gedəcəksiniz. Sizin kimiləri orada dərhal birinci xəttə atırlar. Orada səngər qazacaqsan, sonra öləcəksən”.

“Ona dedim ki, həyat yoldaşım və uşağımı bir daha görmək üçün adlarını çəkərdim, amma müharibənin ilk günlərində bütün hərbçilər şəhəri tərk ediblər - yalnız mülki insanlar qalıb. Sonda o mənə telefon və pasportu qaytardı və dedi ki, məni ancaq oğluna görə buraxır”, - Maksim xatırlayır.

Digər şahid Aleksandrın 19 yaşı var. Müharibənin elə ilk günündə mərmilərdən biri Mariupoldakı evlərindən yüz metr aralıda düşdükdən sonra o, ailəsi ilə birgə zirzəmidəki bomba sığınacağında bir aydan çox vaxt keçirib.

Martın 29-da Aleksandr və yaxınları təxliyə avtobuslarının Rusiyaya gəldiyi “DXR” keçid məntəqəsi üzərindən yaşayış yerini tərk etməyə qərar veriblər.

Keçid məntəqəsinə on kilometr piyada getməli olduq. Onlara izah etdilər ki, qadınlar və uşaqlara üstünlük verilir, avtobusda boş oturacaqlar qaldıqda kişilərə buraxılacaq. Kişilərin ailəli və ya ailəsiz təxliyə olunmasının buna dəxli yoxdur.

Sonra onlar Novoazovsk rayonundakı “DXR”nin nəzarətində olan Samiylove kəndinə çatmaq və oradan Rusiyaya getməyə cəhd etmək qərarına gəliblər. Samiylovedə evakuasiya üçün növbə böyük idi. Aleksandr və ailəsi bir neçə gün orada qalıblar.

“Bizi ən yaxın uşaq bağçasına yerləşdirdilər. Bu uşaq bağçasının işçiləri bizə qayğı göstərir, gündə üç dəfə MDB ölkələrinin məktəb və uşaq bağçalarının standart yeməkləri ilə qidalandırırdılar: şorbalar, kaşalar, küftələr. Əla olmaya bilər, lakin Mariupoldan sonra isti yeməklər hamısı dadlı idi”, - Aleksandr xatırlayır.

Sonra ailəyə izah edilib ki, Rusiyaya “elə-belə” getmək mümkün deyil. Ən yaxın “filtrasiya məntəqəsi” Ukraynanın cənub-şərqində "DXR"nin nəzarətində olan Starobeşeve qəsəbəsində olub.

“Starobeşeveda günlər cəhənnəm idi. Orada şərait Samiylovedəki kimi deyildi”, - o qeyd edib.

Onun sözlərinə görə, kiçik uşaqları olan qadınlar yenidən uşaq bağçasına yerləşdirilib, qalanları isə - “hansısa mədəniyyət evi”nə:

“Yerdə yatmalı oldum. Hamam yox idi, işlək tualet ancaq çöldə idi. Pulsuz yemək üçün təxminən üç kilometr piyada getmək lazım idi”.

Yalnız üçüncü gün Starobeşevedə Aleksandrın növbəsi çatıb. Əvvəlcə şəxsi məlumatlarla bağlı forma doldurmaq və “Ukrayna Silahlı Qüvvələrinə münasibət”, həmçinin Ukrayna hərbçiləri ilə əlaqələrin olub-olmaması ilə bağlı suallara cavab vermək lazım idi. Sonra barmaq və ovucların surətini çıxarıblar. Sonuncu mərhələ sorğu-sual və “vizual baxış” olub: “Məni sorğuya çəkən Federal Təhlükəsizlik Xidməti (FTX) zabiti Rusiya təhlükəsizlik qüvvələri haqqında çəkilən filmlərdəki personaj kimi görünürdü: sonuncu model “iPhone”, kök, yorğun görünüş. O mənim mümkün “ekstremist qruplarla əlaqələrim”lə maraqlandı. Ünsiyyətdə olduğum bütün şəxslərdən bu sual mənə və qeyri-rəsmi görünən bir neçə başqa şəxsə verilib. Ekstremizmin nə demək olduğu və hansı qrupların nəzərdə tutulduğu ilə bağlı sualıma cavab olaraq susqunluq və tərs baxışla qarşılandım”.

Sonda Aleksandr Rusiyaya təxliyə edilə biləcəyi “səyahət talonu” alıb. Talonun bir tərəfində “filtrasiyadan” keçən şəxsin tam adı, doğum tarixi və görünür, seriya nömrəsi, digər tərəfində isə “daktiloskopiyadan keçib” (barmaq izinin alınması proseduru – red.) sözləri ilə möhür qeyd olunub, onun altında prosedurun tarixi və onu həyata keçirən şəxsin imzası var.

Aleksandr və ailəsi üçün növbəti məntəqə Rusiya ilə sərhədə yaxın müvəqqəti yaşayış məntəqəsi idi. Orada masalar, stullar və elektrik yuvaları olan bir sıraya düzülmüş bir neçə çadır var idi. Orada qaçqınlara hazır əriştə ilə qidalanıb, adları jurnala yazıldıqdan sonra avtobusla Taqanroqa aparılıb:

“Taqanroqda qohumlarımla görüşdüm - orada olduğumuz müddətdə bizə dəstək oldular və kömək etdilər. Amma küçələrdə ukrain ləhcəmə görə pis baxışlar gördüm. Artıq danışmaq qətiyyən olmaz. Necə və harada olmağıma baxmayaraq istədiyim kimi danışdığım Ukraynadan sonra özümü ağzı əski ilə bağlı hiss etdim”.

İndi Aleksandr ailəsi ilə birgə artıq Rusiyanı tərk edib. Onlar Gürcüstana sığınıblar.

Mariupoldan olan Yuliya 36 gün iki uşağı və otuz qonşu ilə birgə zirzəmidə yaşayıb. Onun evi raketlə dağılıb, mərmi işlədiyi tibb laboratoriyasının binasına düşüb, həmkarları dünyasını dəyişib. Həyat yoldaşı isə müharibəyə gedib.

Yuliya və uşaqlar Nikolske kəndi üzərindən aprelin əvvəlində Mariupoldan çıxa biliblər. Onun sözlərinə görə, o zaman Ukraynaya getmək, demək olar ki, mümkün olmayıb, çünki Rusiya sadəcə olaraq “yaşıl dəhlizlər” açmayıb.

Yuliyanın uşaqları ilə birlikdə “filtrasiyadan keçmə” növbəsində “min üç yüz neçənci” olduğu məlum olub. Onlar azı bir həftə gözləməli olacaqlarını düşünsələr də, sonradan məlum olub ki, Rusiya ilə sərhəddə yoxlamadan keçmək mümkündür. Həmin gün onlar 11 avtobusdan ibarət karvanda Rostova gediblər.

“Sərhəddə hər ailədən bir nəfər çağırılıb, qacet və pasportları hazırlamağı istəyiblər. Məndən soyadımı, Ukrayna Silahlı Qüvvələri ilə əlaqəmi, evli olub-olmadığımı soruşdular. Cavab verdim ki, ərimlə yaşamıram və Ukrayna Silahlı Qüvvələri ilə heç bir əlaqəm yoxdur. Haqqımda daha çox məlumat əldə edəcəklərini dedilər, bununla belə, məni dərhal buraxdılar. Telefona belə baxmadılar”, - Yuliya xatırlayır. O qeyd edib ki, uşaqlarını - 16 yaşlı qızı və 11 yaşlı oğlunu dindirməyiblər.

59 yaşlı Natalya (ad şərtidir) Mariupoldan Starobeşevedəki “filtrasiya məntəqəsi” üzərindən çıxıb. O, yola oğlu, gəlini və nəvələri ilə birgə çıxıb. Təxminən on iki saat “filtrasiyadan keçmə” üçün növbəyə durmalı olublar. Bütün bu müddət ərzində onlar maşında əyləşiblər.

“Əvvəlcə hər şeyimizi bombaladılar, sonra da barmaq və ovuc izlərimizi aldılar, sanki cinayətkar-filanıq. Telefon tamamilə yoxlanıldı, oğlum isə ümumiyyətlə iki saat sorğu-sual edildi, sanki nədəsə günahkardır”, - Natalya gözləri dolaraq qeyd edib.

Oğlu Denis deyir ki, onlar onun telefonunun bütün məzmununa baxıblar və ondan messencerdəki, demək olar ki, hər mesaja şərh verməsini istəyiblər. Sorğuya çəkənləri ən çox 40-a yaşlı cüssəli adamın niyə xidmət etməməsi və döyüşə getməməsi maraqlandırıb.

Nəşrə müsahibəsində Denis keçməsinə icazə verilməyən bir neçə nəfərin adını çəkir, lakin onların sonrakı taleyi haqqında heç nə bilmir: “Mən yalnız onu bilirəm ki, “filtrasiya”dan keçməyən hər kəs əlavə yoxlamalar üçün Donetskə aparılır. Bundan sonra onlara nə olacaq, heç kim bilmir”.

Ukraynalı qaçqınlarla mütəmadi təmasda olan “Getməyə yardım edirik” layihəsinin könüllüsü Mariya (ad şərtidir) Novoazovsk, Bezimenne, Nikolske və Donetskdəki bir neçə “filtrasiya düşərgəsi” haqqında danışıb:

“Orada şərait heç də yaxşı deyil. İnsanlar partadan başqa heç nə olmayan məktəblərdə siniflərə yerləşdirilir. Ən yaxşı halda yerlilərdən biri yorğan gətirir. Oradakı yeməklərin keyfiyyətsiz, bəzən istifadə müddəti bitdiyi deyilir. Düşərgələrdə, xüsusən də uşaqlar arasında xəstəliyin yayılması ilə bağlı söz gəzir. İnsanlar tualetlərin zibilxanaya bənzəməsindən şikayətlənirlər. Dəfələrlə eşitmişik ki, belə yerlərdə hərəkət azadlığı məhdudlaşdırılır və insanlar onun ərazisini tərk etmək üçün düşərgə rəhbərliyinə ərizə yazmalıdırlar”.

Onun sözlərinə görə, indi insanlar çox uzun müddət – iki həftəyə qədər öz “filtrasiya” növbəsini gözləməlidirlər.

“Rusiya ərazisinə getmək hallarının böyük əksəriyyəti könüllü seçim deyil. Avtomatlar olmasa, heç kim könüllü olaraq “filtrasiya”nı seçməyəcək. Çox vaxt insanlara ilkin olaraq onların hara aparıldıqları deyilmir, insanlar sonda onların Rusiyaya aparılacağını bilməyə bilərlər”, - o qeyd edib.

“Meduza”nın “DXR” rəhbərliyinə yaxın olan həmsöhbətinin (o özü də ukraynalıların “filtrasiya” edilməsi və aparılmasında iştirak edir) sözlərinə görə, ilk “filtrasiya”dan keçməyənlər hərtərəfli yoxlamalar üçün saxlanılır, lakin çoxları olduqca tez azad olunur. O qeyd edib ki, qalanları, yəni “DXR”də Ukrayna Silahlı Qüvvələri ilə real əlaqələri olduğu hesab edilənlər qondarma respublikanın ərazisindəki istintaq təcridxanasına göndərilir.

“Elələrin sayı çox azdır, yalnız bir neçəsi. Qadınlar da olur. Onların arasında bəzən snayperlər də olur, ona görə də qabarları yoxlayırlar”, - həmsöhbət bildirir. Daha öncə Mariupol merinin müşaviri Petr Andrüşşenko demişdi ki, kişilərin beş-on faizi “filtrasiya”dan keçə bilmir və Donetskə aparılır. “Meduza” nəşri “DXR”nin “İnformasiya Nazirliyi”nə müvafiq sorğu göndərib, lakin hələ ki cavab almayıb.

“Ədalətli Rusiya – Həqiqət naminə” Partiyasının Rostov Regional Bölməsinin İdarə Heyətinin sədr müavini Yuri Mezinov humanitar yardım birgə özü Mariupola gedib və Donbas sakinlərinin Rusiyaya getməsi təşviq edib. O, “Meduza”ya bildirib ki, “filtrasiyadan keçməmiş” ukraynalılar indi istintaqdadırlar və “Donbas əhalisinə” qarşı “soyqırımı faktlarına görə məsuliyyət daşıyanların tapılmasına kömək edirlər” (istintaq orqanları bu cür tədbirlər barədə rəsmi məlumat verməyiblər):

“Səkkiz ildir ki həm Donbasın yerli əhalisinə, həm də hərbçilərə qarşı birbaşa cinayət epizodları üzrə böyük məlumat bazası toplanıb. Onların bir çoxunda soyqırımı əlamətləri var. Ukraynadakı mövcud rejim buna sadəcə olaraq göz yumdu. Bundan əlavə, Ukrayna hökuməti cinayətkarları həbsxanalardan elə maddələrlə azad edir ki onların ağlı başında olması sualı yaranır. Doğrudanmı bu tör-töküntünü sülh içindəki Rusiyaya buraxmağımızı düşünürsünüz? Uşaqlarımız, qocalarımızın yanına?”.

Son xəbərlər

Orphus sistemi