Bakı. 11 may. REPORT.AZ/ Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasında xidmət edən zabit heyətinin fiziki və döyüş hazırlığı üzrə yarış keçirilir.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
İnformasiyaya əsasən, tədbirə Gümrüdəki hərbi hissənin 100-dən çox zabiti cəlb edilib. Bazada xidmət edən leytenantlardan polkovnikədək bütün zabitlər “Makarov” tipli tapançadan 25 metrlik məsafədəki hədəfə atəş açmaq, 100-400 metrlik məsafəyə üzmək, turnikdə normativləri yerinə yetirməklə hazırlıq səviyyələrini nümayiş etdirməlidirlər.
Məlumata görə, Cənub Hərbi Dairəsinin Cənubi Qafqazdakı hərbi biləşmələrinin zabitləri arasında seçmə mərhələsi bu il mayın 18-19-da keçiriləcək. Seçmə mərhələdə qalib gələn 8 hərbçi yayda və payızda ümumrusiya hərbi hissələrinin yarışında iştirak edəcək.