Rusiya Müdafiə Nazirliyi Ukraynada döyüşən general-leytenant Andrey Siçevi komandanlıqdan uzaqlaşdırıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Bildirilib ki, buna səbəb Rusiya ordusunun Baxmut istiqamətində uğursuzluğudur.
Onun hazırda Rusiya ordusunda hansı vəzifəni icra etdiyi məlum deyil.
Qeyd edək ki, A.Siçev 2022-ci iyulun 20-də Ukraynadakı əməliyyatlarda Rusiya Silahlı Qüvvələrinin Qərb Hərbi Dairəsinin dislokasiya olunmuş qoşunlarının komandanı təyin edilib. O bu vəzifədə general-polkovnik Aleksandr Juravlyovu əvəzləyib.
A.Siçev daha sonra Donetsk vilayətindəki əməliyyatların komandanı təyin edilib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan etibarən əks-hücum əməliyyatlarını davam etdirir.