Yanvarın 1-dən Rusiyada qadınlar üçün rəsmən əlçatmaz olan peşələrin siyahısı azaldılır.
“Report” xəbər verir ki, bu barədə "Rossiyskaya qazeta" məlumat yayıb.
Məlumata görə, 456 maddədən ibarət siyahıdan işlərin 100 növü çıxarılacaq.
Qonşu ölkədə 2021-ci ilin əvvəlindən qadınlar traktorçu, özüboşaldan yük avtomobillərinin, habelə digər yük maşınlarının, o cümlədən "KamAZ"ların sükanı arxasına əyləşə biləcəklər. Bu halda qadınlara inşaat texnikasını idarə etmək əvvəlki kimi əlçatmaz olacaq.
Qadınlar həmçinin gəmilərə matros, bosman, şkiper (yelkənli gəminin kapitanı-red) kimi işə girə biləcəklər. Zərif cinsin nümayəndələrinin çalışmalarına icazə verilən peşələrin arasında həmçinin ağır sənaye müəssisələri və mürəkkəb şərtlərə aid peşələr də var.
"Son 20 il ərzində əmək şərtlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa, işçilərin sağlamlığında mənfi təsiri riskini azaltmağa və bütovlükdə onların əməyini yüngülləşdirməyə imkan verən xeyli sayda müasir texnologiya tətbiq edilib", - Əmək Nazirliyinin mətbuat xidmətində bildiriblər.
"Rossiyskaya qazeta" həmçinin bildirib ki, nazirlikdə eləcə də sürətli elektrik qatarlarının maşinistləri arasında və digər sahələrdə yeni iş yerlərinin açılacağı istisna edilmir.