Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfər edəcək.
“Report”un məlumatına görə, Rusiya XİN rəhbəri 5 mayda Yerevana səfər etsə də, rəsmi görüşləri bir gün sonra, 6 mayda baş tutacaq.
Daha sonra Sergey Lavrov mayın 10-11-də Azərbaycanda işgüzar səfərdə olacaq.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Lavrov Ermənistan və Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq:
“İkitərəfli və regional əməkdaşlıq məsələlərinin geniş spektrinin, habelə beynəlxalq arenada qarşılıqlı əlaqələrin nəzərdən keçirilməsi gözlənilir. Əsas diqqət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsinə yönələcək”, - o vurğulayıb.