“Ermənistanın baş naziri Nikol Paşinyan anti-Rusiya bəyanatları ilə günahı rəsmi Moskvanın üzərinə atmaq, məsuliyyətdən yayınmaq istəyir”.
“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, Paşinyanın dünənki çıxışlarında Rusiyaya qarşı qəbuledilməz bəyanatlar var: “İrəvan bilərəkdən Moskva ilə əlaqələri pozmağa çalışır. Beləliklə, Qərbin geosiyasi oyunlarının girovuna çevrilir və böyük səhvə yol verir”.
Bildirilib ki, Rusiya-Ermənistan münasibətləri üçün dağıdıcı proseslər Qərb tərəfindən stimullaşdırılır və sistemli xarakter daşıyır: “Ermənistan mediasında açıq-aşkar anti-Rusiya kampaniyası aparılır. Ermənistandakı etirazların Rusiyadan qaynaqlanması ilə bağlı iddiaların reallıqla heç bir əlaqəsi yoxdur”.
Həmçinin bəyanatda göstərilib ki, Paşinyan bütün bu müddət ərzində Ermənistanın bilərəkdən Rusiyadan üz döndərməyə hazırlaşdığını etiraf edib: “Rusiya isə Ermənistana təhlükəsizlik, iqtisadiyyat və mədəniyyət sahələrində genişmiqyaslı yardım göstərməkdə davam edir".