“Bu gün ABŞ-ın dövlət katibi Entoni Blinken Qazaxıstanda baş verən faciəli hadisələrlə bağlı tipik acınacaqlı şəkildə zarafat edib”.
“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin “Telegram” kanalında qeyd edilir.
Bildirilib ki, Blinken “Qazaxıstan rəhbərliyinin təhlükəsizliyin təmin edilməsində yardım göstərmək çağırışına Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamamilə qanuni cavabını” bədniyyətli ifadə ilə müşayiət edib.
E. Blinkenin “Əgər sizin evinizdə ruslar varsa, onları çıxmağa məcbur etmək çətin olacaq” ifadəsinə Rusiya XİN-nin cavabı belə olub:
“Əgər Entoni Blinken tarix dərslərini çox sevirsə, qoy o, aşağıdakılara diqqət yetirsin: amerikalılar sizin evinizdə olanda qarət edilmək və ya zorlanmamaq deyil, sağ qalmaq çətin ola bilər. ABŞ dövlətçiliyinin 300 ili ərzində ancaq onlara bu öyrədilib. Şimali Amerika qitəsinin hinduları, koreyalılar, vyetnamlılar, iraqlılar, panamalılar, yuqoslavlar, liviyalılar, suriyalılar və bu çağırılmamış qonaqları öz evlərində görmək nəsib olmayan bir çox başqa bədbəxt insanlar bu barədə çox şey danışacaqlar”.