Rusiyanın Ukraynanın Kiyev vilayətinə raket zərbəsi nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Kiyev vilayəti hərbi administrasiyası məlumat yayıb.
Bildirilib ki, Rusiya ordusunun Kiyev bölgəsinə endirdiyi raketlərdən biri çoxmərtəbəli yaşayış binasına, digəri isə infrastruktur obyektinə düşüb.
Qeyd edək ki, bu gün Rusiya ordusu Ukrayna ərazisinə genişmiqyaslı raket hücumu həyata keçirib. Nəticədə ölkənin bir sıra şəhər və vilayətlərində elektrik enerjisi və su təminatı kəsilib.
Rusiyanın Ukrayna ərazisinə atdığı raketlər nəticəsində Ukraynanın bütün ərazisində, eyni zamanda Moldovanın bir hissəsində və Dnestryanı ərazidə elektrik enerjisi kəsilib.
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Xarkov şəhərində metronun və trolleybusların hərəkəti dayanıb. Kiyevdə isə qatarların hərəkətində fasilə yaranıb. Paytaxtda metro məhdud rejimdə işləyir. Hazırda çox sayda insan metro stansiyalarından sığınacaq kimi istifadə edirlər.
Bundan başqa, Kiyev şəhərinə suyun verilişi dayandırılıb.
Məlumata görə, Kiyevə atılan raketlərdən biri Dnepr çayına düşüb.
Vurğulanıb ki, Rusiya, əsasən, elektrik stansiyaları və qazanxanaları hədəf alıb.
Bildirilib ki, Moldovada həmçinin mobil rabitə və internetin fəaliyyətində də problem yaranıb.
Rusiya ordusu Ukraynanın şəhər və vilayətlərini növbəti dəfə raket hücumuna məruz qoyub.
“Report” UNIAN-a istinadən xəbər verir ki, Odessa, Nikolayev, Kiyev vilayətlərinə, həmçinin İzyum, Kremençuq, Dnepr, Xerson şəhərlərinə raket atılıb.
Hazırda Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri raketləri zərərsizləşdirməyə çalışır.