Rusiya Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin rəisi, general-leytenant Vadim Şamarin saxlanılıb. O, həm də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavinidir.
“Report” xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Hüquq-mühafizə orqanlarındakı mənbə təsdiqləyib ki, generalın evində dələduzluq iddiası ilə bağlı cinayət işi üzrə axtarış aparılıb. Nəticələrə əsasən, V.Şamarin dindirilmək üçün Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə aparılıb. İşə 235-ci qarnizon hərbi məhkəməsində baxılır.
Bundan əvvəl müdafiə nazirinin müavini Timur İvanov və Müdafiə Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi general-leytenant Yuri Kuznetsov həbs ediliblər. Onlar xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunurlar.
Qeyd edək ki, 2020-ci ildə Baş Qərargah rəisinin sabiq müavini Xəlil Arslanov silahlı qüvvələrə texnikanın tədarükündə dələduzluq və korrupsiya faktları ilə bağlı həbs edilib. O, dələduzluqda və rüşvət almaqda ittiham olunub.