Rusiya Odessa vilayətində taxıl anbarlarına zərbə endirib.
“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, gecə saatlarında Rusiya hərbçiləri Odessa vilayətində taxıl anbarlarına və istehsal-boşaltma kompleksinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib. PUA-lar Azov dənizinin şərq sahilindən qaldırılıb.
Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri "Şahed-136/131" tipli 9 pilotsuz uçuş aparatlarını məhv edib. "Düşmən Dunay regionunda taxıl anbarlarına və istehsal-boşaltma kompleksinə zərbələr endirib. Anbarlarda yanğın baş verib, yanğın tez bir zamanda lokallaşdırılıb. Yanğınsöndürənlər işlərini davam etdirirlər. Mülki əhali arasında itki yoxdur", - məlumatda deyilir.
Qeyd edək ki, Rusiya “Taxıl sazişi”ndən geri çəkildikdən sonra Ukrayna limanlarını və taxıl infrastrukturunu aktiv şəkildə atəşə tutur.