Bakı. 14 yanvar. REPORT.AZ/ "Rusiyanın Krım tatarları ilə bağlı vədlərini yerinə yetirməməsindən üzüldüyümüzü söyləməyə məcburuq".
"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O xatırladıb ki, Rusiya Krım tatarlarının dilinə rəsmi status veriləcəyini, Ukrayna hakimiyyətinin onlara vermədiyi haqları verəcəklərini, idarəetmədə tatarların da yer alacağına boyun olmuşdu.
"Təəssüf ki, həmin vədlərin heç biri bu günədək yerinə yetirilməyib. Əlaqələrimizin yaxşı olması Rusiyanın Ukraynada törətdiklərini qəbul etdiyimiz və Krımın ilhaqını tanımağımız anlamına gəlmir. Türkiyənin bu ilhaqı tanımadığını və tanımayacağını açıq bir şəkildə bəyan edirəm", - nazir vurğulayıb.
Çavuşoğlu Krım tatarlarına təzyiq və hücumları Rusiya rəsmilərinə çatdırdıqlarını da söyləyib: "Biz onlara iki siyahı təqdim etdik. Onlara edilən bütün basqınlar haqda məlumat verdik".
Onun sözlərinə görə, Krım tatarlarının vəziyyətini araşdırmaq üçün ora qeyri-rəsmi bir heyət göndərəcəklər.