Rusiya hərbçilərinin Buça sakinlərini edam etməsinə dair yeni görüntülər yayılıb

Rusiya hərbçilərinin Buça sakinlərini edam etməsinə dair yeni görüntülər yayılıb Rusiya hərbçilərinin Ukraynanın Buça şəhərində 8 kişinin edam olunmasının videosübutları dərc olunub
Region
20 May , 2022 10:34
Rusiya hərbçilərinin Buça sakinlərini edam etməsinə dair yeni görüntülər yayılıb

Rusiya hərbçilərinin Ukraynanın Buça şəhərində 8 nəfəri edam etməsinə dair yeni görüntülər yayılıb.

“Report” xəbər verir ki, görüntüləri “The New York Times” nəşri ictimailəşdirib.

Nəşr bildirib ki, güllələnənlər Anatoli Prixodko, Andrey Matviyçuk, Andrey Verbovoy, Denis Rudenko, Andrey Dvornikov, Svyatoslav Turovski, Valeri Kotenko və Vitali Karpenkodur. 43 yaşlı inşaatçı olan İvan Skibe isə sağ qalıb.

Məlumata görə, rusiyalıların Buçada “baza” və səhra xəstəxanasına çevirdiyi dördmərtəbəli binanın daxilində və xaricində desantçılar ərazini patrul edib, ev-ev axtarışlar aparıblar. Həmin küçədə İvan Skiba digər 5 kişi ilə birlikdə özünümüdafiə dəstələrinin yaratdığı blokpostda növbətçilik edirmiş.

Ukraynalılara düşmənin yaxınlaşması barədə radio vasitəsilə xəbərdarlıq edilib və onlar yerli sakin, 53 yaşlı Valeri Kotenkonun evində gizləniblər. Daha sonra onlara daha iki döyüşçü Andrey Dvornikov və Denis Rudenko qoşulub. Bir saat sonra axtarışlar zamanı rusiyalı hərbçilər həmin adamları evdə tapıblar və işğalçılar zorla Kotenkonun da daxil olmaqla kişiləri küçəyə çıxarıblar. Hərbiləşdirilmiş təşkilatlara aid döymələrin (tatuların) olub-olmaması ilə bağlı yoxlanışdan sonra girovlar “baza”ya aparılıb.

Şahidlər “baza”nın qarşısındakı dayanacaqda köynəkləri başlarına çəkilmiş kişilər gördüklərini təsdiqləyiblər. İ.Skibanın sözlərinə görə, onlar diz çökməyə məcbur olublar, sonra desantçılar Vitali Karpenkonu güllələyiblər. İşğalçılar yaralılara yenidən atəş açırdılar, İ.Skiba ölümdən qaça bilib – güllə dəydikdən sonra o, özünü ölülüyə vurub.

Bir girov azad edilib. Deyilənə görə, söhbət “dövlətə xəyanət”dən gedir.

Edam edilənlərin nəşləri bir aydan çox küçədə qalıb.

Binanın divarı və pilləkənləri güllə dəlikləri ilə deşik-deşik olub. Həyətin o biri tərəfində, cəsədlərin olduğu yerdən bir neçə metr aralıda sovet PK seriyalı pulemyotlarda və Rusiya qoşunlarının geniş işlətdiyi Draqunov snayper tüfənglərində istifadə edilən 7,62x54R çaplı gilizlər aşkarlanıb. Binanın içərisindən 7,62x54R çaplı atəş açılmamış patron da tapılıb.

Eyni zamanda “The New York Times” qətliamda əli olması güman edilən şəxslərin fotolarını da dərc edib.

Son xəbərlər

Orphus sistemi