Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistandakı sərhəd idarəsi və Milli Təhlükəsizlik Xidməti Türkiyə hərbçilərinin guya Ermənistanın Araqatsavan kəndi istiqamətində dövlət sərhədini keçməsi və bu ölkənin sakinlərinə qarşı hər hansı qanunsuz hərəkətlər etməsi ilə bağlı Ermənistan mətbuatında yayılan dezinformasiyaları təkzib ediblər.
“Report” xəbər verir ki, bu barədə Sərhəd İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
"Yayılan məlumatlar həqiqətə uyğun deyil. Hazırda dövlət sərhədinin mühafizəsi xidməti gündəlik həyata keçirilir", - mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Ermənistanda sosial şəbəkələrdə Türkiyə əsgərlərinin guya erməni çobanları əsir götürməsi, onların Rusiya tərəfinin köməyi ilə geri qaytarılması barədə yalan məlumatlar yayılıb. Dezinformasiya sonradan Ermənistanın yalan tirajlayan bir sıra tanınmış xəbər agentliklərində, saytlarında da dərc edilib.