QMİ sədri Gürcüstan azərbaycanlılarına təşəkkür edib

QMİ sədri Gürcüstan azərbaycanlılarına təşəkkür edib Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Tbilisidə Gürcüstanın azərbaycanlı icmasının üzvləri ilə görüş keçirib.
Region
23 İyul , 2022 15:39
QMİ sədri Gürcüstan azərbaycanlılarına təşəkkür edib
Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Tbilisidə Gürcüstanın azərbaycanlı icmasının üzvləri ilə görüş keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, görüşdə Gürcüstanın müsəlman dini liderləri, ruhanilər, Gürcüstan Patriarxlığının nümayəndələri də iştirak ediblər.

Mərasimdə Qurandan ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında tədbir iştirakçılarına QMİ sədrinin səfəri barədə məlumat təqdim edib.

O, QMİ sədrinin Gürcüstan Patriarxı II İlya tərəfindən "Dostluq" ordeni ilə təltif edildiyini diqqətə çatdırıb. Diplomat dini liderlərin yaxın dostluq əlaqələrinin Azərbaycan-Gürcüstan münasibətlərinə xüsusi töhfələr verdiyini vurğulayıb.

QMİ sədri çıxışında Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlıq, II İlya ilə 40 ildən çox davam edən dostluq münasibətlərindən söz açıb. O, 44 günlük Vətən müharibəsi dövründə Gürcüstandakı soydaşlarımızın Azərbaycana göstərdikləri böyük maddi və mənəvi yardıma görə təşəkkür edib.

Şeyxülislam A.Paşazadə II Qarabağ müharibəsində Gürcüstan əsilli 22 nəfərin şəhidlik zirvəsinə ucaldığını qeyd edərək, Allahdan onlara rəhmət diləyib.

O, gürcüstanlı soydaşlarımızı milli mənsubiyyətlərini, milli-mənəvi dəyərlərini qoruyub saxlamağa çağırıb, mənsəbindən asılı olmayaraq hamını birliyə və mehribanlığa dəvət edib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanla münasibətlərə böyük önəm verdiyini, soydaşlarımıza xüsusi hörmət və qayğı ilə yanaşdığını qeyd edib.

Mərasim digər natiqlərin çıxışları ilə davam etdirilib. Sonda tədbir iştirakçlarına Qurani-Kərim kitabları, dini və digər mövzularda nəşrlər hədiyyə olunub.

Son xəbərlər

Orphus sistemi