Bakı. 13 iyun. REPORT.AZ/ Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları ölkədə hakimiyyəti ələ keçirmək cəhdində şübhəli bilinən məşhur siyasətçi Dastan Sarıqulovu saxlayıb.
Bu barədə "Report" "TASS"a istinadən xəbər verir.
"Sarıqulov bir sıra şəxslərin hakimiyyəti zorla ələ keçirməkdə şübhəli bilindiyi cinayət işinin araşdırılması çərçivəsində yeni halların üzə çıxması ilə bağlı saxlanılıb", - məlumatda deyilir. Siyasətçi müvəqqəti saxlanma təcridxanasında şübhəli şəxs qismində saxlanılır.
Bu ilin yazında Qırğızıstanda bir neçə ictimai xadim həbs olunub. Onlar dövlət çevirilişinin hazırlanmasında şübhəli bilinir. Bu siyahıda Sarıqulovun da adı olub, o zaman siyasətçi ev dustaqlığına məhkum edilib.
Bundan başqa, indi D.Sarıqulova qarşı korrupsiya maddəsi ilə ittiham da irəli sürülə bilər.