Ukraynanın Polşa, Slovakiya, Sloveniya və Macarıstan ilə sərhədləri yükdaşımalar üçün qapanmaqdadır. Adları qeyd olunan ölkələr artıq sərhədlərini Ukrayna şirkətlərinin üzünə bağlayıblar. Hətta ABŞ-dən Ukraynaya göndərilən silah yardımları da son vaxtlar bu sərhədlərdən keçə bilmir.
Ukraynalı ekspertlər bu barədə "Report"un Şərqi Avropa bürosuna səbəbləri açıqlayıblar.
Politoloq Maksim Yali bildirib ki, Ukrayna şirkətlərinin yüklərinin bloklamasının bir neçə səbəbi var: "Təbii ki, burada rəqabət amili var. Bu, ilk növbədə, Polşa daşıyıcılarına aiddir. Onlar Ukrayna şirkətlərinə Avropa bazarında ciddi rəqabət yaradırlar. Bu səbəbdən də polşalılar Rusiyanın Ukraynada müharibəyə başlamasından əvvəlki məhdudiyyətlərin tətbiqini istəyirlər. Hərçənd, Avropa Komissiyasının bütün qətnamələrində bu yükdaşımaların maneəsiz həyata keçirilməsi barədə qeyd var”.
Ekspert bu məsələdə Kremlin əlinin olduğunu istisna etmir: “Polşadan danışırqsa, bu addımların arxasında anti-Ukrayna mövqeyi nümayiş etdirən ultrasağçı siyasətçilər dayanır. Onlar seçki kampaniyalarında da bu cür şüarlardan istifadə edirdilər. Baş verənləri araşdıran jurnalistlər burada da Rusiyanın əlinin olduğunu bildirir”.
O əlavə edib ki, eyni sözləri Macarıstan haqqında da demək olar. Onlar əvvəlcə daşımalara blok qoymasalar da, sonradan anti-Ukrayna aksiyasına qoşuldular: “Macarıstan hökuməti Ukraynanın Avropaya inteqrasiyasına qarşı çıxır. Onlar hətta hərbi yüklərin ölkə ərazisindən daşınmasını qadağan edirlər. Burada həm daxili siyasət, həm rəqabət amilləri var”.
Məsələnin mümkün həll yollarına gəlincə, ekspert deyib ki, Polşada yeni hakimiyyət yarananda bu məsələ operativ şəkildə həll olunacaq: "Çünki bu, hökumətin əlində olan bir şeydir və çox qısa zamanda həll oluna bilər. Digər tərəfdən, son günlərdə Ukrayna daşıyıcılarının vəziyyətdən çıxış yolu tapdıqlarını görürük. Belə ki, yük maşınları sərhədi dəmir yolu ilə, yük vaqonlarında keçir. Bu da həmin o bloklayıcı ölkələri çıxılmaz vəziyyətə salır. Amma dediyim kimi, həll yolu həm ikitərəfli, həm də Avropa Komissiyası səviyyəsində tapılmalıdır. Avrokomissiya bu ölkələrin hökumətlərinə təzyiq göstərməlidir. Məndə olan məlumata görə, Slovakiya artıq bu məhdudlaşdırıcı tədbirləri yığışdırıb. Odur ki, artıq müsbət presedent var".
Beynəlxalq məsələlər üzrə ekspert Andrey Buzarov isə bildirib ki, Ukraynadan Avropa İttifaqı (Aİ) ölkələrinə yüklərin hərəkətlərinin məhdudlaşdırılmasının əsas səbəbi Şərqi Avropa dövlətlərində, ilk növbədə, Polşadakı daxili siyasi vəziyyətdir: "Amma bəzi “ekspertlər”in fikrincə, bu, Ukrayna rəhbərliyinin mövqeyi ilə bağlıdır. Lakin 6 ay, 1-2 il əvvəl bununla bağlı mövqeyi bəlli olan Ukrayna rəhbərliyi bildirir ki, hazırda ölkə müharibə vəziyyətindədir, Rusiya ilə müharibə Ukraynada ciddi iqtisadi problemlərə səbəb olub və Aİ-dən buna anlayışla münasibət göstərməsini istəyirlər”.
Onun sözlərinə görə, il yarım əvvəl Slovakiya və Polşanın bununla bağlı problemi yox idi. Amma təxminən 6 ay bundan qabaq belə problemlər ortaya çıxdı. Əvvəllər avtomobillərin hərəkəti qismən məhdudlaşdırılsa da, bu gün artıq onların hərəkəti faktiki olaraq tamamilə məhdudlaşdırılıb. Amma bu gün Polşa, Slovakiya hakimiyyəti Ukrayna məhsullarının tranzitinə imkan yarada bilər. Bu, məhz siyasi səbəblərə görə mümkün deyil.
“Polşa və Slovakiyada bu yaxınlarda seçkilər keçirilib. Bundan sonra həmin ölkələr Ukrayna ilə bağlı iqtisadi əlaqələri siyasiləşdirməyə başlayıblar. Bu gün Ukrayna Aİ ilə birlikdə bu problemi həll etməyə çalışır. Əminəm ki, bu problemlərin həllinə nail olmaq mümkündür. Əsas məsələ odur ki, bu məsələni Aİ-də spekulyasiya edənlərin məqsədi nədir və onlar bunun əvəzində nə istəyirlər? Bu suala məhz Aİ ölkələri cavab verməlidir", - ekspert əlavə edib.