“Türk Dövlətləri Təşkilatının (TDT) yaradılması XXI əsrin ən mühüm siyasi hadisələrindən biridir”.
Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin Qazi Universitetinin müəllimi, dosent Sinan Demirtürk bildirib.
3 oktyabr 2009-cu ildə TDT-nin quruluşu ilə əlaqədar qəbul edilən Naxçıvan Bəyannaməsini xatırladan S.Demirtürk bildirib ki, sözügedən təşkilat tarixin və geosiyasətin təbii nəticəsi olaraq meydana gəlib: “Türk xalqları XXI əsrdə əməkdaşlıq üçün ümumi əsaslar hazırlaya biləcək beynəlxalq təşkilat yaratdılar. Bununla böyük ideala, şərqlə qərb arasındakı dövlətlərin siyasi inteqrasiyasına doğru ən mühüm addım atıldı. Tarix və mədəniyyət bağı ilə bir-birinə bağlanan türk dövlətləri dünya siyasətində iqtisadi, hərbi və texnologiya baxımından tərəfdaşlıqları inkişaf etdirəcək effektiv bir regional pakt yaratdılar. Beləliklə məhsuldar enerji hövzələri, unikal kənd təsərrüfatı potensialı və gənc əhalisi ilə türk dünyası yer kürəsində mərkəzi bir mövqeyə yüksələcək”.
S.Demirtürk onu da qeyd edib ki, şərqlə qərbi birləşdirən ticarət və enerji yollarının təhlükəsiz keçidinin türk dövlətlərinin sərhədləri daxilində yerləşməsi də TDT üçün əlverişli imkanlar yaradır: “Bu birlik, üç yüz milyonluq böyük ərazidə yeni dünyanın ən dəyərli, inkişaf etməkdə olan iqtisadiyyatlarının meydana çıxacağı siyasi ittifaqı təmsil edir”.
Azərbaycanın ərazi bütövlüyünün bərpasını TDT-nin möhkəmlənməsində açar hesab edən dosent deyib ki, Qarabağ torpaqlarının tam azad olunması təkcə ölkəmizin deyil, bütün türk dünyasının qələbəsi və uğurudur: “Qarabağın azad edilməsi bir əsrdir bir-birindən ayrı düşmüş türk coğrafiyalarını bir araya gətirməkdədir. Ona görə də Qarabağın azadlığı həm də yeni bir türk nəsli və əsrinin yaranmasına vəsilə olur”.