Qazaxıstanın XİN başçısı: "Bu gün beynəlxalq münasibətlər və dialoq mədəniyyəti pisləşir"
- 23 may, 2018
- 06:32
Almatı. 23 may. REPORT.AZ/ "Bu gün beynəlxalq münasibətlər sistemi pozulur, beynəlxalq dialoq mədəniyyəti pisləşir. Bu proses isə ümumi xaosla müşayiət olunur".
"Repor"un Almatıya ezam olunmuş müxbirinin məlumatına görə, bunu Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov Almatıda keçirilən Avrasiya mediaforumunda "Beynəlxalq əlaqələrin təkamülü: qlobal soyuqlaşma" paneli çərçivəsində çıxışı zamanı deyib.
"Əvvəla, qeyd etmək lazımdır ki, bu gün dünya turbulentlik və gözlənilməzlik dövrünə daxil olub. Hazırda dünyada yüksək rəqabət qaydaları, bir sıra dövlətlər arasında sərt rəqabət var", - K.Abdraxmanov bildirib.
Qazaxıstan XİN başçısı qeyd edib ki, ölkəsi sabitliyin əldə olunmasına praktiki töhfə verir və yalnız regionda deyil, onun hüdudlarından kənarda, o cümlədən Astana prosesi çərçivəsində gərginliyi azaldır.