Qazaxıstanda ilk AES-in tikintisi ilə bağlı referendum başlayıb

Qazaxıstanda ilk AES-in tikintisi ilə bağlı referendum başlayıb Qazaxıstanda ilk atom elektrik stansiyasının (AES) tikintisinin mümkünlüyü ilə bağlı ölkə üzrə referendum başlayıb.
Region
6 Oktyabr , 2024 06:00
Qazaxıstanda ilk AES-in tikintisi ilə bağlı referendum başlayıb

Qazaxıstanda ilk atom elektrik stansiyasının (AES) tikintisinin mümkünlüyü ilə bağlı ölkə üzrə referendum başlayıb.

“Report” xəbər verir ki, Qazaxıstan vətəndaşları ya nüvə energetikasının inkişafı və ölkədə AES tikilməsi ilə razılaşmalı, ya da bu ideyadan imtina etməli olacaqlar.

Referendumun keçirilməsi təşəbbüsü ilə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev 2023-cü ilin sentyabrında xalqa müraciətində çıxış edib. Bundan sonra il ərzində ölkənin bütün bölgələrində dövlət qurumlarının nümayəndələri ilə əhali arasında görüşlər keçirilib, AES-in tikintisi planları müzakirə edilib.

Bu ilin oktyabrında Tokayev bildirib ki, atom elektrik stansiyası tikilərsə, ölkənin gələcək onilliklər üçün davamlı tərəqqisini təmin edəcək, enerji suverenliyini möhkəmləndirəcək və iqtisadiyyatın, elm və təhsilin müxtəlif sahələrinin inkişafına güclü təkan verəcək.

Səsvermə yerli vaxtla saat 07:00-da başlayıb və yerli vaxtla saat 20:00-dək (Bakı vaxtı ilə saat 06:00-dan 19:00-dək) davam edəcək. Referendum səsvermə hüququ olan vətəndaşların yarıdan çoxu iştirak edərsə baş tutmuş sayılacaq. Seçki siyahılarına 12,2 milyondan çox qazaxıstanlı daxil edilib. Mərkəzi Referendum Komissiyası nəticələr haqqında məlumatı səsvermə başa çatdıqdan sonra yeddi gün ərzində dərc etməlidir.

Referendum üçün 10 mindən çox seçki məntəqəsi açılıb. 74 məntəqə komissiyası xaricdə - 59 ölkədə fəaliyyət göstərir. Referendumun bülletenində bir sual olacaq: “Siz Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə razısınızmı?” Səsvermə iştirakçıları bu suala cavab verməli olacaqlar: “bəli, razıyam” və ya “xeyr, razı deyiləm”.

Ümumilikdə 30 xarici dövləti, o cümlədən 4 əsas beynəlxalq təşkilatı - MDB, ŞƏT, Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəni təmsil edən 177 beynəlxalq müşahidəçi səsvermənin gedişinə və qanunvericiliyə riayət olunmasına nəzarət edir.

Qeyd edək ki, Azərbaycan Milli Məclisin deputatları - Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Aydın Mirzəzadə, Anar Məmmədov, Elman Nəsirov, Azər Badamov və Müşfiq Məmmədli Qazaxıstanda referendumu müşahidə edəcəklər.

Son xəbərlər

Orphus sistemi