Bakı. 26 dekabr. REPORT.AZ/ Astana 2016-cı ildə Qazaxıstanın paytaxtında keçiriləcək Xəzər Sammitində Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasını istisna etmir. "Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov bildirib.
"Biz ümid edirik ki, Astanadakı Sammitə qədər razılaşa və qalan məsələlər üzrə kompromis əldə edə biləcək və siyasi həllin, ola bilsin ki, hüquqi status haqqında Konvensiyanın imzalanmasını əldə edə biləcəyik", - Y.İdrisov brifinq zamanı bildirib.
"Əlbəttə ki, bu çox mühüm məsələdir. Dövlət başçısı konkret tapşırıq verib və Qazaxıstan bu perspektivi tezləşdirmək üçün ən fəal addımları atacaq", - o əlavə edib.
Qazaxıstanın XİN rəhbəri xatırladıb ki, bu il Rusiyanın Həştərxan şəhərində bənzər sammit keçirilib. Həmin sammitdə "Xəzərin hüquqi statusu haqqında böyük konvensiyanın imzalanmasını tezləşdirən çox mühüm siyasi qərarlar qəbul edilib".
"Bu Həştərxan sammitinin qərarları üzrə ən mühüm sənəd olacaq. Növbəti sammit 2016-cı ildə Astanada keçiriləcək. Xəzər üzrə danışıqlar çərçivəsində fəal, çox zəhmət aparan və çətin iş gözləyir", - İdrisov vurğulayıb.
Onun sözlərinə görə, Astanada "Xəzər beşliyi"nin iştirakçıları hüquqi status məsələlərini və regionda təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.