Rusiya prezidenti Vladimir Putin müdafiə naziri postuna Andrey Belousovun namizədliyini irəli sürüb.
“Report” xəbər verir ki, bu barədə Federasiya Şurasının teleqram kanalında məlumat verilib.
Əvvəlki hökumətdə Belousov baş nazirin birinci müavini vəzifəsində çalışırdı.
65 yaşlı Belousov müxtəlif vaxtlarda dövlət başçısı Vladimir Putinin iqtisadi məsələlər üzrə köməkçisi, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri, Rusiya Federasiyası Hökumətinin İqtisadiyyat və Maliyyə Departamentinin direktoru, Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin baş direktoru işləyib.
2020-ci il aprelin 30-dan mayın 19-dək Mişustinin koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilməsi zamanı Belousov Nazirlər Kabinetinin rəhbəri vəzifəsini icra edib.
Eyni zamanda Vladimir Putin Sergey Lavrovun yenidən xarici işlər naziri vəzifəsinə təyin edilməsini təklif edib. Sergey Lavrov artıq 20 ildir ki, ölkənin baş diplomatıdır.
Federasiya Şurası bir həftədən gec olmayaraq təqdim edilmiş namizədlərə baxılmasının nəticələri barədə prezidentə məlumat verməlidir.
Qeyd edək ki, prezident seçkilərindən qabaq Rusiyanın müdafiə naziri vəzifəsini ordu generalı Sergey Şoyqu icra edirdi.
Bundan əlavə Rusiya prezidenti Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin, daxili işlər naziri Vladimir Kolokoltsevin, mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri Aleksandr Kurenkovun, ədliyyə naziri Konstantin Çuyçenkonun, Aleksandr Bortnikovun isə Federal Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə yenidən təyin olunmasını təklif edib.
Müvafiq namizədlər dövlət başçısı tərəfindən Federasiya Şurasına təqdim edilib.
Prezidentin təkliflərinə əsasən, Viktor Zolotov Rusiya Qvardiyasının rəhbəri, Dmitri Koçnev isə Federal Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsində qalacaq.
Aleksandr Linz Prezidentin Xüsusi Proqramlar Baş İdarəsinin rəhbəri kimi fəaliyyətini davam etdirəcək. İdarə, xüsusilə, dövlətin və Rusiya Federasiyası Silahlı Qüvvələrinin idarəetmə mərkəzlərinin və digər xüsusi səfərbərlik vasitələrinin hazırlığının təmin edilməsinə cavabdehdir.